Ermənistanı sülhə məcbur etməyin yolu: “Xankəndi məsələsi bitməyənə qədər…”

Son günlər Azərbaycan dövlət sərhəddində baş verən təxribatlar Ermənistanın hələ sülhə hazır olmadığını təsdiq etdi.

Yəni Ermənistan hakimiyyətinin bu ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsinin imzalanacağına dair verdiyi açıqlama ilə silahlı münaqişə yaratmaq cəhdi üst-üstə düşmür. Bu isə Ermənistana qarşı daha sərt tədbirlərin görülməsinin vacibliyini gündəmə gətirir.

Söhbət beynəlxalq hüquqa əsaslanaraq sülhə məcburetmə prinsipinin Ermənistana tətbiq olunmasından gedir. Bu prinsip məsələn, 1998-1999-cu illərdə Bosniya və Hersoqovinada, Kosovoda hərbi cinayətlərə son qoymaq üçün Serbiyaya, hazırda isə Ukraynada işğalçı müharibənin qarşısını almaq üçün Rusiyaya tətbiq edilib. Sülhə məcburetmə işğalçı tərəfə qarşı beynəlxalq sanksiyaların və zəruri hallarda hərbi əməliyyatların həyata keçirilməsi ilə tətbiq olunur.

2020-ci ildə 44 günlük Vətən müharibəsi əslində, Ermənistanın sülhə məcbur edilməsi məqsədi daşıyıb. Lakin görünür, Ermənistan məğlub olsa da, sülhə gəlmək istəmir. Bu baxımdan, Ermənistanın daha ağır sərt cəzalara məruz qalması, yəni embarqolar rəsmi İrəvanı zorakı mövqeyindən çəkinməyə vadar edə bilər. Ancaq sözügedən prosedurun Ermənistana şamil edilməsində beynəlxalq təşkilatlar və aparıcı dövlətlər də maraqlı olmalıdır.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Cebhe.info-ya açıqlamasında bildirib ki, Azərbaycan beynəlxalq təşkilatların və xarici dövlətlərin mövqeyini gözləmədən Ermənistanı sülhə məcbur etməlidir:

“Yalnız bundan sonra Ermənistan Azərbaycanın mövqeyi ilə barışmalı olacaq. Ermənistanı sülhə ən birinci məcbur edən tərəf Azərbaycan olmalıdır. Beynəlxalq ictimaiyyətin Ermənistanı sülhə məcbur etmək planı yoxdur. Qlobal güclərdən Rusiya, İran bunu istəmir.

Qərbdə isə ikili standartlar davam edir. ATƏT-in Minsk qrupu faktiki olaraq yoxdur. Avropa İttifaqının vasitəçiliyi isə məcburi prinsip deyil, sadəcə olaraq təklifdir. Bu gün sərhəddə baş verən qanlı döyüşlər göstərir ki, bölgədə təsir gücü olan qüvvələr tərəfindən vəziyyət daha da kəskinləşdirilir. Ermənistanı sülhə BMT-nin Təhlükəsizlik Şurası məcbur edə bilər. Orada da Rusiyanın veto hüququndan istifadə etməsi həmin təklifin qarşısının alınması üçün kifayət edir. Təəssüf ki, sülhə nail olunması istiqaməsində illərlə real addım atılmayıb. Ermənistanı sülhə məcbur edə biləcək güclər Cənubi Qafqazda da münaqişənin qalmasında maraqlıdır.

Ermənistanı məcbur edəcək yeganə qüvvə Azərbaycandır. Xankəndi məsələsi bitməyənə qədər sərhəddə bu cür döyüşlər, təxribatlar davam edəcək. Azərbaycan ərazi bütövlüyünü təmin etmək üçün bizə Xankəndi lazımdır. Bunu son hadisələr də sübut etdi. Azərbaycan diqqətini Zəngəzurdan əvvəl Xankəndinə yönəltməlidir. Əks təqdirdə, gərginlik davam edəcək və Rusiya kimi güclər də Cənubi Qafqazda öz təsirini saxlamaq və sülhməramlı qüvvələrin Qarabağda qalması üçün bundan yararlanmağa çalışacaq.

Hesab edirəm ki, Azərbaycan Ermənisanı sülhə məcbur etməlidir. Buna nail olmaq üçün Xankəndi istiqamətində diplomatik vasitələrdən, bu mümkün olmadıqda güc təbiqindən istifadə etməlidir. Azərbaycan Xankəndi problemini həll etmək üçün 2020-ci il 10 noyabr Bəyanatına uyğun olaraq, Ermənistan silahlı birləşmələri son nəfərinə qədər Azərbaycan ərazisindən çıxarılmalıdır. İkincisi, 10 noyabr Bəyanatına əsasən, azərbaycanlı məcburi köçkünlər öz evlərinə qaytarılmalıdır.

Bu, Azərbaycan dövlətinin Xankəndi və ətraf ərazilərdə nəzarəti bərpa etməsi deməkdir. Ermənilər birgəyaşayışa razı olsalar qalacaqlar, olmasalar çıxıb gedəcəklər. Azərbaycan diplomatik yolla Ermənistanı 10 noyabr Bəyanatının icrası təmin olunmamış digər iki bəndini də yerinə yetirməyə məcbur etməlidir. Əgər qarşı tərəf yayınsa antiterror əməliyyatları və ya lazım gələrsə, müharibə etmək olar. Hətta əməliyyatı keçirməzdən öncə Rusiya sülhməramlılarını məlumatlandırmaq lazımdır ki, biz bu işləri görməliyik. Əgər bu prosesə siz və ya ermənilər mane olsa, müharibə qaçılmazdır”.

Gununsesi.info