Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi regionun təhlükəsizliyinə mane olurdu - Məhərrəm Əliyev

  • By admin
  • 25 Aprel 2022 12:29

Ermənistanın Azərbaycan ərazilərini 30 il müddətində işğalda saxlaması regionun təhlükəsizliyinə və əməkdaşlığa mane olurdu. 

Gununsesi.info xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, Azərbaycanın Tacikistanda keçmiş fövqəladə və səlahiyyətli səfiri Məhərrəm Əliyev Azərbaycan və Tacikistan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuş dəyirmi masada deyib.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi təkcə regional əməkdaşlıq üçün deyil, bütün tərəfdaşlarla əməkdaşlığın inkişafı üçün münbit şərait yaradıb.

Məhərrəm Əliyev qeyd edib ki, Azərbaycan və Tacikistan arasında münasibətlər qarşılıqlı hörmət prinsipinə əsaslanır, bu iki ölkə bir-birinin ərazi bütövlüyünü və suverenliyi dəstəkləyir: “İki ölkə arasında qarşılıqlı açılan səfirliklər münasibətlərə töhfə verib, hüquqi baza yaradıb. Azərbaycan və Tacikistan beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edir, bizim regional məsələlərdə mövqelərimiz üst-üstə düşür. Bu gün Azərbaycan və Tacikistan arasında əlaqələr hərtərəfli inkişaf edir. İki ölkə liderləri arasında səmimi münasibətlər bu əlaqələrin inkişafına müsbət töhfə verir”.

Gununsesi.info