“Ermənistanın hazırki hakimiyyəti ilə kilsə arasında ciddi fikir ayrılıqları mövcuddur” - NİYAMƏDDİN ORDUXANLI

  • By admin
  • 26 İyun 2020 19:01

“2020-ci ilin 16 iyun tarixində “Çiçəklənən Ermənistan” partiyasının sədri, Ermənistan parlamentindəki “Sarukyan” fraksiyasının lideri, milyonçu Qaqik Sarukyanın deputat toxunulmazlığı Parlament tərəfindən ləğv edilib. Q.Sarukyan ölkənin təhlükəsizlik qüvvələri tərəfindən ifadə vermək üçün istintaqa cəlb edilmişdir. Q.Sarukyanın həbs ediləcəyi istisna olunmur. Q.Sarukyanın məhz N.Paşinyan hakimiyyətini tənqid etməsindən sonra təzyiqlərə məruz qalması baş verənlərin siyasi təqib olduğunu sübut edir. Sarukyanla bağlı son hadisələr fonunda “azadlıq carçısı” olan bəzi beynəlxalq təşkilatların, beynəlxalq QHT-lərin, ümumən bir sıra Qərb təşkilatlarının səssizliyi heyrət doğurur. Niyə susurlar?!”

Gununsesi.org xəbər verir ki, bu açıqlamanı Avrasiya.net-ə BAXCP sədrininin müavini, tanınmış QHT sədri, politoloq Niyaməddin Orduxanlı verib.

Onun sözlərinə görə, Ermənistanda baş vermiş hadisələrə beynəlxalq təşkilatların qeyri adekvat münasibəti ikilistandartlardan irəli gəlir:” Biz hər zaman bu vəziyyətin şahidi oluruq. Azərbaycanda dövlət maraqlarını satan, xəyanətkarlıq edən, xarici kəşfiyyata işləyən şəxslərlə bağlı hüqüq- mühafizə orqanlarımız təbbirlər həyata keçirir. Belə vəziyyətdə həmin təşkilatlar dayanmadan bəyanatlar verməyə başlayırlar. Bəzi hallarda proses haqqında məlumatları olmadan dövlətimizə qarşı ittihamlar irəli sürürlər. Ancaq indi Ermənistanda baş vermiş hadisəni “görmürlər” və yaxudda özlərini görməməzliyə qoyurlar.”

Niyaməddin Orduxanlının sözlərinə görə, bu gün Ermənistanda Paşinyan hakmiyyəti dinc aksiya keçirən vətəndaşa qarşı divan tutur:” İndi gördülər ki, Paşinyan Sərkisyanda rejimindən də amansızdır. Öz hakmiyyətini qorumaq üçün istənilən addımı atmağa hazırdır. İnsan haqlarının kobud pozulmasına heç bir əhəmiyyət verilmir. Sarukyanın tərəfdarları Ermənistan parlamentinin önündə etiraz aksiyası keçirməyə cəhd göstərsə də, ölkənin təhlükəsizlik qüvvələri tərəfindən onun qarşısı kobudluqla alınır və yüzlərlə adam saxlanılmır. Hətta polis aksiyanı işıqlandıran jurnalistlərə qarşı güc tətbiq edir. Halbuki, hadisələr zamanı insanların ifadə azadlığı, azad toplaşma hüququ, hüquq-mühafizə orqanları tərəfindən lüzumsuz yerə güc tətbiq olunmaması, KİV-in sərbəst fəaliyyətinə imkan yaradılması və s. kimi Qərbin “önəm verdiyi” bütün dəyərlər ayaq altına salınır. Belə vəziyyətdə Qərb niyə susur? ABŞ Dövlət Departamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, ABŞ-ın Ermənistandakı səfiri, Qərb ölkələrinin Ermənistandakı səfirlikləri özlərini elə aparırlar ki, sanki heç nə baş verməyib.”

Politoloqun sözlərinə görə, küçə adamından baş nazir pilləsinə kimi irəliləmiş Nikol Paşinyanın amerikalı iş adamı Corc Sorosun təsis etdiyi Soros Açıq Cəmiyyəti (Soros Fondu) tərəfindən dəstəkləndiyi gün kimi hər kəsə aydındır: “Paşinyanın 2018-ci ildəki küçə yürüşləri, mitinqləri və kütləvi aksiyalarının arxasında əslində hansı qüvvələrin dayandığı hər kəsə bəllidir. Ermənistanda anti-sorosçuların həbsi dediklərimizin bariz nümunəsidir. Ermənistanın hazırki hakimiyyəti ilə kilsə arasında ciddi fikir ayrılıqları mövcuddur. Paşinyanın təsiri altında olan erməni KİV-ləri bunu daha çox kilsənın hazırkı rəhbərliyində təmsil olunan şəxslərin əvvəlki hakimiyyətlərlə sıx işləməsini əsas gətirsələr də, əslində məsələnin məğzi tam başqadır.

Ermənilərin yaşadıqları bütün ölkələrdə kilsələr fəaliyyət göstərir və icma üzvləri kilsəyə böyük miqdarda maliyyə yardımı göstərirlər. Bu halda, pul axınının böyük hissəsinə nəzarət etmək istəyən Paşinyana kilsənin “yağlı tikə”ni güzəştə getməməsi də təbiidir. Heç kimə sirr deyil ki, koronavirusun Eçmədzində yayıldığı ərəfədə kilsə rəhbərinin qaçması şəklini mətbuata məhz Paşinyan ötürmüşdür.”

 

 

 

Gununsesi.org