Ermənistanın məğlubiyyəti göstərdi ki… -Politoloq

  • By admin
  • 05 İyul 2022 11:45

“Ermənistanda aprelin 25-dən müxalifətin başladığı mitinqlər hakimiyyətə təzyiq məqsədi daşıyır. Ancaq bu mitinqlər hakimiyyətə ciddi sosial təzyiq baxımından effektiv olmadı. Çünki müxalifətin bütün səylərinə baxmayaraq, mitinq iştirakçılarının sayı 2-5 mini keçmirdi. Digər tərəfdən bu mitinqlər hakimiyyətin güc strukturlarının ciddi nəzarəti altında keçirilirdi”.

Bunu Publika.az-a açıqlamasında politoloq Elşən Manafov deyib.

Ekspertin sözlərinə görə, əvvəldən bu mitinqlərin böyüyüb hakimiyyət üçün ciddi problem yaradacağı istisna olunurdu:

“Mitinqlərin hakimiyyətə təzyiq konteksində effektsizliyini görən Ermənistan müxalifəti mübarizəni küçədən parlamentə keçirdi. Lakin məsələ ondadır ki, Ermənistan parlamentində qüvvələr nisbəti əhəmiyyətli şəkildə “Vətəndaş müqaviləsi” fraksiyasının xeyrinədir. Erməni müxalifətinin təmsilçilərinin parlamentin rəhbərliyindən, ayrı-ayrı komissiyaların sədr müavini vəzifələrindən istefaları, qanunvericiliklə bağlı proseslərə ciddi təsir imkanına malik deyil. Çünki qanunların qəbul olunması üçün kvoruma bu addımların təsiri olmayacaq. O da məlumdur ki, qanuna görə, parlamentdə vitse-spiker və komissiyaların sədr müavinləri vəzifələri müxalifət təmsilçilərindən ibarət olmalıdır. Qanuna əsasən, hakimiyyət bu yerləri doldurmaq hüququna malik deyil. Müxalifət hesab edir ki, məhz bu amil parlamentin fəaliyyətini müəyyən mənada iflic edə bilər və bu da böhranı dərinləşdirə bilər. Bu baxımdan müəyyən mənada Ermənistanda parlament böhranı yaşanır. Ancaq bu addım heç bir vəchlə parlamentin qanunları qəbul etmək mexanizmlərinə ciddi təsir imkanlarına malik deyil. Belə olan halda müxalifətin maraqları ondan ibarətdir ki, müxalifətsiz parlament bir qədər qeyri-legitim təsir bağışlayacaq. Bu faktor da Paşinyanı hakimiyyətə gətirən Qərbin diqqətindən yayınmayacaq. Ona görə də müxalifətin bu hərəkətləri xarici qüvvələrin Ermənistanda hakimiyyətlə müxalifət arasında yaşanan münasibətlərə diqqəti yönəltməkdir”.

E.Manafov vurğulayıb ki, digər tərəfdən erməni müxalifətinin əksər hissəsinin Rusiyayönümlü olması birmənalıdır: “İstisna deyil ki, müxalifətin bu hərəkətləri Rusiyadan istiqamətləndirilir. Bununla Rusiya Paşinyana anladır ki, təkcə hərbi və iqtisadi rıçaqlarla Ermənistana təsir imkanına malik deyil. Yəni bu təkcə geosiyasi faktorlarla bağlı deyil. Həm də parlament konteksində müəyyən təsir imkanlarına malikdir. Çünki Paşinyan bütün hallarda Rusiyanın adamı deyil. Paşinyan müxalifətdə olanda bəyan edirdi ki, Ermənistanı Aİİ-dən və KTMT-dən çıxaracaq. Ancaq bütün bunlara nail ola bilmədi. Qarabağ müharibəsində Ermənistanın məğlubiyyəti göstərdi ki, Kreml mövcud hakimiyyəti cəzalandırdı”.