“Ermənistanın qanlı əməlinə-təxribatına qiymət verin, ondan cavab tələb edin” - "QÜDRƏTLİ AZƏRBAYCAN NAMİNƏ" İCTİMAİ BİRLİYİ

  • By admin
  • 07 İyul 2017 23:00

qudretli azərbaycan

“Son günlər Ermənistanın işğalçı qüvvələri tərəfindən atəşkəsin yenidən pozulması nəticəsində mülki şəxslərin, o cümlədən  iki yaşlı uşağın həlak olması ilə bağlı “Qüdrətli Azərbaycan Naminə” İctimai Birliyi olaraq 1948-ci ildə BMT tərəfindən qəbul edilmiş “Ümumdünya İnsan hüquqları Bəyannaməsi”nin əsas prinsiplərini rəhbər tutaraq beynəlxalq təşkilatlara müraciət edirik”.

Gununsesi.info-nun xəbərinə görə, bu fikirlər “Qüdrətli Azərbaycan Naminə” İctimai Birliyinin yaydığı bəyanatda əksini tapıb.

Bəyanatda qeyd olunur ki, 2017-ci il iyul ayının 4-ü saat 20:40 radələrində Azərbaycan Respublikasının Füzuli rayonunun Alıxanlı kəndinin ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya qurğuları və digər ağır silahlardan istifadə edilməklə intensiv şəkildə atəşə tutulması səbəbindən kənd sakini Salman Quliyevin evinin həyətinə düşmüş mərminin partlaması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, iki yaşlı Zəhra Quliyeva faciəvi şəkildə həlak olublar. Digər mülki şəxs 1965-ci il təvəllüdlü Sərvinaz Quliyeva isə ağır yaralanıb. Atəş nəticəsində həmçinin sakinlərin evlərinə və digər obyektlərə ciddi zərər dəyib.

“Ermənistan dövlətinin bu cür çirkin hərəkətləri bir çox beynəlxalq hüquqi aktları – Ermənistanın da 1992-ci ildə ratifikasiya etdiyi BMT-nin “Uşaq hüquqları haqqında Konvensiya”sını, “Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair IV Cenevrə Konvensiyası”nı, Birləşmiş Millətlər Təşkilatının “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”ni, “Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”ı, “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya”nı, “Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsi”ni kobud surətdə pozur.

Xalqımız bu münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, siyasi yolla həll olunmasına tərəfdar olmaqla yanaşı eyni zamanda dinc əhaliyə qarşı törədilən bu cür cinayətlərə son qoyulmasını təkidlə tələb edir. Bütün beynəlxalq təşkilatlardan baş verən bu vandalizmə, terrora münasibət bildirmələrini və Ermənistanı beynəlxalq hüquq normalarına əməl etməyə və törətdiyi təxribata cavab verməyə çağırmalarını xahiş edirik”.

Gununsesi.info