Ermənistanla parlamentlərarası işçi qrupu yaradıla bilər

  • By admin
  • 26 İyul 2022 13:35

Ötən həftə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın XİN başçısı Ararat Mirzoyan arasında Tbilisidə keçirilən görüşdə bir sıra vacib məsələlər müzakirə olunub. Nazirlərin görüşündən sonra vətəndaş cəmiyyəti nümayəndələrinin, o cümlədən jurnalistlərin və deputatların görüşlərinin təşkil edilməsi təklifləri səsləndirilir. Hətta Azərbaycan və Ermənistan parlamentlərarası işçi qrupunun yaradılacağı barədə fikirlər dolaşır. Bu kimi təşəbbüslərin sülh prosesinə müsbət təsir göstərəcəyi əsas gətirilir.

Bəs, sülh prosesi fonunda Cənubi Qafqaz ölkələrinin parlamentlər şəbəkəsinin yaradılması mümkündürmü?

Bununla bağlı Modern.az-a danışan Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev qeyd edib ki, Cənubi Qafqazda parlament diplomatiyasına nəzər saldıqda, Azərbaycan və Gürcüstan parlamentləri arasında mövcud olan yüksək səviyyəli münasibətlər göz önünə gəlir:

“Parlamentlərimiz arasında işçi qrup mövcuddur. Spikerlər, komitələr səviyyəsində mühüm, ciddi qanunvericilik məsələlərinin müzakirəsi həyata keçirilir. Əsas məqam Azərbaycan və Ermənistan parlamentləri arasında işçi qrupun yaradılması məsələsidir. Məlumdur ki, Ermənistanın Azərbaycana təcavüzündən sonra – 1988-ci ildən indiyə qədər parlamentlər arasında belə qrup mövcud deyil. Təbii ki, bir sıra beynəlxalq tədbirlərdə Azərbaycan və Ermənistan parlamentariləri bir araya gəlir. İstər Avropa səviyyəsində, istər digər təşkilatlarda deputatların təmsilçiliyi mümkündür”.

Deputat hesab edir ki, sülh sazişi imzalandıqdan, delimitasiya və demarkasiya məsələləri tam həll edildikdən sonra Azərbaycan-Ermənistan parlamentlərarası işçi qrupunun yaradılması barədə düşünmək olar:

“Parlament diplomatiyası müsbət nəticələrini verə bilər. Çünki Ermənistan parlamentində təmsil olunan bir sıra deputatlar revanşist qüvvələrin, müharibə çağırışları edən cinayətkar “Qarabağ klanı”nın nümayəndələrindən ibarətdir. Düşünürəm ki, onlar heç vaxt Azərbaycanı qalib dövlət kimi görməyəcək, sülh təkliflərini birmənalı şəkildə qəbul etməyəcəklər. Məsələ ciddi hazırlanmalıdır. Sülh müqaviləsindən sonra məsələyə qayıtmaq olar. Cənubi Qafqazda parlament diplomatiyasının yüksək səviyyədə inkişafı Ermənistanın özünü necə aparmasından asılıdır”.

Gununsesi.info