Ersin Tatar Qarsda Azərbaycandan danışdı – FOTO

  • By admin
  • 28 Dekabr 2023 14:35

Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Prezidenti Ersin Tatar Türkiyənin Qars vilayətinə səfər edib.

Gununsesi.info xəbər verir ki, prezident əvvəlcə Qarsdakı Sarıkamış şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib.

Ersin Tatar Qarsda “Quzey Kıbrıs Türk Cümhuriyyətinin Türk dünyasındakı strateji önəmi” mövzusunda konfarnsa qatılıb, Qars Valiliyini ziyarət edib.

Prezident yerli mətbuata açıqlamasında Türkiyə Cümhuriyyətinin daim Quzey Kıbrısın yanında olduğunu vurğulayıb.

“Bu gün Kıbrıs türk xalqı müstəqil bir dövlətə sahibdirsə, bu, Türkiyənin sayəsində mümkün olub”, – deyə o əlavə edib.

Ersin Tatar Quzey Kıbrısın Türk Dövlətləri Təşkilatında müşahidəçi üzv statusunun olduğunu deyərək, türk dövlətləri ilə əməkdaşlığı inkişaf etdirməyə çalışdıqlarını bildirib. Azərbaycan və Özbəkistan səfərlərini xatırladan Prezident qeyd edib ki, məqsəd Quzey Kıbrıs Türk Cümhuriyyətini tanıtmaq və qardaş dövlətlərin dəstəyini almaqdır.

Ersin Tatar Azərbaycanın Quzey Kıbrısa xüsusi diqqət göstərdiyini bildirib. O, Azərbaycana səfəri, ölkəmizdə qatıldığı tədbirlər, Prezident İlham Əliyevlə görüşünü xatırladaraq, burada yüksək səviyyədə qarşılandığını deyib. Quzey Kıbrıs lideri onlara verdiyi dəstəyinə görə Azərbaycana bir daha təşəkkür edib.

Ersin Tatarın səfəri zamanı qatıldığı tədbirlərdə Azərbaycanın Qarsdakı Baş konsulu Nuru Quliyev də iştirak edib. Tədbirlər zamanı Prezidentlə Baş konsul səmimi söhbət ediblər. Söhbət zamanı iki ölkə arasında əlaqələrin inkişafı, Türk dünyası ilə bağlı fikir mübadiləsi aparılıb.

Gununsesi.info