Estoniyanın XİN rəhbəri: Əminəm ki, ABŞ Konqresi Kiyevə yardımı təsdiq edəcək

  • By admin
  • 06 Dekabr 2023 14:13

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ABŞ-ın Ukraynaya növbəti yardım paketini təsdiqləyəcəyinə əminliyini ifadə edib.

Gununsesi.info-nun məlumatına görə, Estoniya diplomatiyasının rəhbəri qeyd edib ki, ABŞ parlamentində Ukraynaya gələcək dəstəklə bağlı ciddi fikir ayrılıqları var, lakin mən əminəm ki, Vaşinqton yenə də Kiyevə növbəti yardım paketini qəbul edəcək.

“Bizim (Avropanın) ehtiyat planımız yoxdur, amma əminəm ki, ABŞ bu paketi qəbul edəcək. Söhbət daha çox onun nə qədər böyük olmasındadır ki, seçkilər ərəfəsində onu daim uzatmaq lazım deyil və s. Ümid edirəm ki, belə bir qərar veriləcək”, – deyə nazir vurğulayıb.

Tsahkna bildirib ki, ABŞ prezidenti Co Bayden də yardımın davam etdiriləcəyini açıqlayıb.

Bundan əvvəl ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson Ağ Evə məktub göndərərək, Amerika sərhədlərində təhlükəsizlik tədbirlərinə yanaşma dəyişməyənə qədər Ukraynaya yeni yardımın ayrılmasını dəstəkləməyəcəyini bildirmişdi.

Senatdakı Demokratik çoxluğun rəhbəri Çak Şumer bildirib ki, o, sərhədlə bağlı maddələrin Kiyevə yardım üçün qanun layihəsinə daxil edilməsinə icazə verməklə kompromis əldə etməyə çalışacaq.

Maliyyə naziri Janet Yellen xəbərdarlıq edib ki, Konqres yardım paketi ilə bağlı razılığa gələ bilməsə, ABŞ Ukraynanın itkilərinə görə məsuliyyət daşıyacaq.

Gununsesi.info