“Etibar Məmmədovsuz AMİP, İsa Qəmbərsiz Müsavat sudan kənarda yaşayan balığı xatırlatdı”- EKSPERT

“Etibar Məmmədovsuz AMİP, İsa Qəmbərsiz Müsavat sudan kənarda yaşayan balığı xatırlatdı”

 
“Bu gün iqtidar pisdir, ya yaxşıdır prizmasını kənara qoyaq. Sistemli mübarizə nədir, ona baxaq. Müxalifət 2000-də öz liderini – Elçibəyi itirəndən sonra nokauta düşdü və hələ də özünə gələ bilmir”.
Gununsesi.info xəbər verir ki, bu fikri ekspert Azər Rəşidoğlu Azərbaycan müxalifətinin üzləşdiyi durumu şərh edərkən bildirib.
Onun sözlərinə görə, iqtidar üçün belə vəziyyət 2003-də yarandı: “Hakimiyyət ən azı iki güclü klanın təsirində idi. Müxalifətdən fərqli olaraq, hakimiyyət komandanı qoruya bildi”.
Ekspert əlavə edib ki, siyasətin bir qaydası var – məğlubları sevmirlər.
“Məğlublar qaliblərin yanında olacaqlar. Komanda yenə ən azı öz qrup maraqlarına görə birləşə bildi. Müxalifət isə heç bir halda, heç bir şərtlər birləşə bilmir. Komandanın Elçibəy ranqında lideri yoxdur. Birləşdirici sima yoxdur. Nə Etibar Məmmədovun AMİP sədrliyindən getməsi, nə İsa Qəmbərin başqanlıqdan getməsi bu partiyaları xilas edə bilmədi. Etibar Məmmədovsuz AMİP, İsa Qəmbərsiz Müsavat sudan kənarda yaşayan balığı xatırlatdı. Nə NİDA, nə digərləri boşluğu doldura bilmədi. İntellektual kəsimin rəğbət bəslədiyi İlqar Məmmədovun həbsdə olması REALı iflic elədi, halbuki bu təşkilat lider ətrafında formalaşmamışdı”– deyə, ekspert vurğulayıb.
Ekspert  deyib ki, müxalifətdən fərqli olaraq hakim komanda özünə lider seçməyi bacardığından indiyədək hakimiyyətdə qala bilib: “Heydər Əliyevdən sonra hakim komanda yeni liderini seçdi, o geri çəkilsə, kimə dəstək vermək lazım olduğunu nümayiş etdirdi. Müxalifətdə necədir vəziyyət? Elçibəyin ətri gələn İsa Qəmbər öz doğma partiyasında birliyə nail ola bilmədi. Partiyanın vizit kartlarının mövqelərinə endirilən zərbələri əngəlləyə bilmədi və yaxud istələmədi. 
Sistemli və ardıcıl mübarizə olmadıqda belə olur. Lakin buna baxmayaraq, İsa Qəmbər çox azsaylı siyasətçilərdəndir ki, onu rahat tənqid edə bilirəm. Partiyaları qardaşlar və qohumlar arasında bölmək isə çox zərərlidir, bunun qarşısını almaq lazımdır. Tənqidsiz inkişaf olmaz. İqtidarı və müxalifəti tənqidə alışdırmalıyıq. Ölkənin gələcəyi naminə bunu etməliyik…”.
Mürtəza
Gununsesi.info

COMMENTS