
İctimai Televiziya və Radio Yayımları Şirkəti Təl-Əvivdə keçiriləcək “Eurovision-2019” mahnı müsabiqəsində Azərbaycandan olan səsverməni elan edəcək şəxsin adını açıqlayıb.
Gununsesi.org axşam.az-a istinadən bildirir ki, məşhur mahnı müsabiqəsində iştirakçılara ölkəmizdən veriləcək səsləri xalq artisti Faiq Ağayev elan edəcək.
Ağayev yarışmanın qaydalarına əsasən final gecəsi iştirakçıların taleyini həll edəcək balları İTV-nin canlı efirində səsləndirəcək. Verilən xallar müsabiqə iştirakçılarının aktivinə əlavə ediləcək.
Qeyd edək ki, mayın 14-də start götürəcək mahnı yarışmasında təmsilçimiz Çingiz Mustafayev ikinci yarımfinalda “Truth” (Həqiqət) adlı bəstə ilə 18-ci nömrə altında çıxış edəcək.
Şüarı “Arzulamağa cürət et” (Dare to Dream) olan müsabiqənin Azərbaycan üzrə şərhçisi isə müğənni-bəstəkar Murad Arif olacaq.