
Bitkilər həm də canlı dekorlardır. Hətta qədim Şərqdə hər bitki hansısa məna daşıyırdı. Bitkilər vasitəsiylə insanlar bir-birinə öz hisslərini bəyan edərdilər. Elə gül-çiçək növləri var idi ki, onlar istixanada becərilir, sarayların dekorunda istifadə olunurdu. Canlı dekorların rayihəsi isə bir başqa aləmdir…
Dekor bitki olanda…
Bitkilərin ev interyerilə uyğünlüuq təşkil etəməsi üçün onları yerləşdirərkən bəzi qaydaları bilmək vacibdir. Lakin burada bəzi nüanslara diqqət yetirmək lazımdır. Bitkilər otağın ölçüsünə müvafiq seçilməlidir. Içində böyük bitki olan alçaq dibçək geniş otaqda çox pis görünəcək. Bu, kiçik otaqda çoxşaxəli ağacı xatırladacaq. Bitkilər onların rütubət və işıqsevər xüsusiyyətlərinə görə də yerləşdirilməlidir. Məsələn, kölgəsevər bitkini nə qədər gözəl görünsə də, cənub istiqamətindəki pəncərənin qarşısına qoymaq olmaz. Rütubət sevən bitki isə qızdırıcı batareyanın yanında solub məhv olacaq.
Dekora uyğun xüsusiyyətlər
Ona görə də, bitkiləri seçərkən, onların qoyulacağı yer mütləq nəzərə alınmalıdır. Xoşunuza gələn bitki nəzərdə tutulan yerə uyğun deyilsə, bu halda başqasını seçin. Əks təqdirdə pulunuz hədər gedəcək. Siz ona qulluq etməklə dəyərli vaxtınızı itirmiş olacaqsınız. Bundan əlavə, uyğunsuz yerdə duran “əzabkeş” bitki dekorativ interyer elementi olmayacaq. Bir çox ev bitkiləri cənub mənşəlidir. Onların istiyə, işığa, təmiz havaya olan tələbatı müxtəlifdir. Bəzilərini çox suvarmaq, təmiz havada, günəş işığında çox saxlamaq lazımdır. Digərləri isə kölgəsevərdirlər. Lakin bütün bitkilər üçün işıq tələb olunur. Əgər bitkini dəhlizdə qoymaq niyyətində olsanız və orada işıq zəifdirsə, bu zaman divarda, ya da asmatavan işıqlandırma vasitələri quraşdırılmalıdır.
Ev bitkilərini necə yerləşdirməli…
Ev bitkiləri soyuq göy şüaya ehtiyac duyurlar. Adi lampaların istiliyi onlara kifayət etmir. Bitkilərin süni işıqlandırılması üçün enerjiqoruyucu və halogen reflektor lampaları daha yararlıdır. Bitkilərin köməyi ilə yaşayış sahəsinin ölçülərini vizual olaraq dəyişmək mümkündür. Məsələn, otaqda yuxarıya doğru uzanan düz gövdəli iri ağac qoysanız buna nail olarsınız. Bundan başqa otaqda böyük ölçülü bitkinin olması təmiz hava deməkdir.
Rəngarəng divar kağızlı otaqda al-əlvan yarpaqlı ev bitkisi çox pis görünəcək, bir növ göz qamaşdıracaq.
Güllərin əlvanlığı çoxaldıqca…
Belə otaqda iri, tünd yaşıl yarpaqlı bitkilər gözəl görünər. Və əksinə, eynirəngli divar kağızı canlı güllərin gözəlliyini artıracaq. Güllərin əlvanlığı çoxaldıqca, fon daha sakit olmalıdır. Amma təzadlara da yer vermək olar. Məsələn, iri qırmızı güllü bitkilər neytral ağ fonda və parlaq sarı rəngli fonda yaxşı görünəcək.
Tənha gülləri diqqətlə formalaşdırmaq lazımdır. Belə ki, onlar interyerin əsas elementlərindəndir. Bu halda iri bitkilər, məsələn, fikus və ya palma, döşəmədə alçaq ayaqlığın üstündə, orta ölçülü bitkilər isə daha hündür ayaqlıq üzərində yerləşdirmək lazımdır. Tənha bitkinin əkildiyi dibçəyin də dekorda xüsusi əhəmiyyəti var. O, otağın ümumi koloritinə və üslubuna uyğunlaşmalıdır. Su axınının qarşısını almaq üçün dibçək metal və ya keramikadan olmalıdır. Taxtadan və ya toxunmuş gül qabılarına isə plastik vedrə, yaxud kaşpo yerləşdirmək olar. Dibçək həm interyerə, həm də onun içərisindəki bitkiyə uyğunlaşmalıdır.
Kompozisiyalar
Müxtəlif ölçülü bitkilərin qrup şəklində yerləşdirilməsi interyerə xüsusi yaraşıq verir. Bu, həm masa üstünə qoyulan kaktus və zanbaqlar, həm də yerə qoyulan iri bitkilər də ola bilər. Əkilmə növündən asılı olaraq, güllərin yerləşdirilməsi bir-birindən fərqlənir. Belə ki, ayrı-ayrı dibçəklərdə əkilən müxtəlif növ bitkilər müəyyən bir qabda qruplaşdırılaraq kompozisiya yaradılır. Ikinci variantda isə eyni temperatur rejimi və işıqsevər bitkilərin bir yerdə kompozisiya edilməsidir. Birinci variantda bitkilərin qruplaşdırılmasında xüsusi bilik tələb olunur. Qrupda çiçək açan bitkilərin yoxluğu sizi narahat etməsin. Belə hallarda yarpaqların arasına su dolu kolbada tər çiçək gövdəsi yerləşdirmək də mümkündür.
Gülnaz Qənbərli
Gununsesi.info