Ev sahibi kirayəçinin xəbəri olmadan evə daxil ola bilər?

  • Müəllif: Orxan
  • 12 May 2026 10:56

Kirayə münasibətlərində tərəflər arasında ən çox mübahisə yaradan məsələlərdən biri ev sahibinin mənzilə müdaxiləsi ilə bağlı olur.

Xüsusilə bəzi kirayəçilər ev sahibinin əvvəlcədən xəbər vermədən və ya razılıq almadan mənzilə daxil olduğunu bildirirlər.

Bu isə “ev sahibi kirayəçinin xəbəri olmadan evə daxil ola bilərmi?” sualını gündəmə gətirir.

Gununsesi.info-ya danışan hüquqşünas Şamil Paşayevin sözlərinə görə, kirayəyə verilmiş mənzildən istifadə hüququ müqavilə müddəti ərzində əsasən kirayəçiyə məxsus hesab olunur.

O bildirib ki, mənzil kirayəyə verildikdən sonra ev sahibi həmin əmlak üzərində mülkiyyət hüququnu saxlasa da, istifadə ilə bağlı müəyyən məhdudiyyətlər yaranır.

Hüquqşünas qeyd edib ki, ev sahibinin kirayəçinin xəbəri və razılığı olmadan mənzilə daxil olması bəzi hallarda şəxsi toxunulmazlıq hüququnun pozulması kimi qiymətləndirilə bilər.

Onun sözlərinə görə, tərəflər arasında bağlanmış müqavilədə mənzilə baxış keçirilməsi, texniki yoxlama və ya digər hallar ayrıca göstərilə bilər.

“Əgər müqavilədə əvvəlcədən xəbərdarlıq edilməklə mənzilə baxış hüququ nəzərdə tutulubsa, bu zaman tərəflər həmin şərtlərə əməl etməlidirlər. Lakin xəbərdarlıq edilmədən mənzilə daxil olmaq mübahisəyə səbəb ola bilər,” – deyə hüquqşünas bildirib.

Şamil Paşayev əlavə edib ki, fövqəladə hallar istisna olmaqla, ev sahibinin özbaşına şəkildə mənzilə daxil olması hüquqi narazılıq yarada bilər. Xüsusilə kirayəçinin şəxsi əşyalarının olduğu yaşayış sahəsinə icazəsiz müdaxilə etimad münasibətlərinə də mənfi təsir göstərir.

Hüquqşünasın sözlərinə görə, kirayə münasibətlərində ən vacib məsələlərdən biri yazılı müqavilənin olmasıdır. Müqavilədə tərəflərin hüquq və vəzifələrinin dəqiq göstərilməsi gələcək mübahisələrin qarşısını almağa kömək edir.

“Kirayə münasibətlərində həm ev sahibinin mülkiyyət hüquqları, həm də kirayəçinin şəxsi həyat toxunulmazlığı nəzərə alınmalıdır. Tərəflər hüquqi çərçivədə davranmalı və qarşılıqlı razılığa üstünlük verməlidirlər,” – deyə o vurğulayıb.

Orxan
Gununsesi.info