Ev tapşırıqlarının ləğvi TƏKLİF OLUNDU

  • By admin
  • 19 Aprel 2022 10:53

Azərbaycanda məktəblilərin dərs yükünün ağır olması valideynləri narahat edən əsas problemlərdən biridir. Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu bu yaxınlarda jurnalistlərin suallarını cavablandırarkən məktəblərdə uşaqların həddindən artıq ev tapşırığı ilə yüklənildiyini etiraf edib.

Problemdən çıxış yoluna gəlincə, nazirlik rəsmisi bu mövzuda müəllimlərlə iş aparılmalı olduğunu bildirib:

“Əslində orta məktəblərdə tədris proqramı ağır deyil. Sadəcə bir qrup müəllimlər var ki, onlar uşaqların akademik yüklənməsini daha yaxşı öyrənməsinə vasitə kimi baxırlar. Ona görə də uşaqlara həddindən artıq ev tapşırığı yükləyirlər. Hesab edirəm ki, həmin müəllimlərlə iş aparılmalıdır. 45 dəqiqə dərsi tam öyrənmək üçün kifayət qədər uyğundur. Şagird hətta oynaya-oynaya qəliz tapşırığı qavraya bilər. Müəllim metodikanı yaxşı quranda, tapşırıqları düz seçəndə uşaq çox rahat, sevə-sevə öyrənir. Uşaqların dərs yükünün optimallaşdırılmasını həyata keçirmək üçün bəzi müəllimlərlə işləməliyik”.

      Şagirdlərin dərs yükünün artıq olmasının təhsil prosesinə hansı mənfi təsirləri var?

      Məsələ ilə bağlı Modern.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, ev tapşırıqları uşaqların zəkasının inkişafında mühüm rol oynayır. Heç kimdən kömək almadan tapşırığı özlərinin həll etməsi onlarda məsuliyyət duyğusunun formalaşmasına yardım edir:

      “Eyni zamanda, yeni məlumatlar öyrənən uşaqda beynin iş görmə qabiliyyəti artır və özünün düşüncə tərzini formalaşdırır. Buna görə də uşağın dərs hazırlama şəraiti öz istəyinə uyğun olmalıdır. Ev tapşırıqlarını hazırlayarkən valideyn dəstəyi önəmli amillərdən biridir. Belə ki, onu tamamilə dərsləri ilə baş-başa buraxmaq uşaqda ehtiyacı olduğu anda köməksiz qalacağı hissini oyandırır. Burada məqsəd uşaq yorulduqda onun yerinə dərslərini yazmaq deyil. Amma təəsüflər olsun ki, hazırda ibtidai siniflərdə

      proqramın ağırlığı və çətinliyi şagirdlərin normadan artıq yüklənməsinə gətirib çıxarır. Dərsliklər o qədər çətindir ki, biz valideynlər də başa düşmürük, o ki qaldı uşaqlar. Ev tapşırıqları həddindən artıq çox olur. Həm uşaq yorulur, həm də valideyn”.

      Ekspert qeyd edib ki, şagirdlərə ev tapşırıqları müasir təlim proqramına, kurikuluma uyğun olaraq verilməməlidir:

      “Əgər bir mövzu 45 dəqiqə ərzində şagirdə öyrədilirsə, həmin mövzu elə sinifdəcə şagird tərəfindən mənimsənilməlidir. Şagirdin mənimsəməsi zəifdirsə, yaxud daha artıq və yüksək nəticə göstərmiş olarsa, məhz o şagirdləri nəzərə alaraq evdə boş vaxtları doldurmaq üçün valideynin də iradəsinə uyğun olaraq evə tapşırıq verilə bilər. Yüksək nəticə göstərən şagirdə əlavə olaraq mövzuya aid olan daha sanballı, məntiqli və maraqlı suallar vermək olar. Zəif şagird mövzunu gec, yaxud orta səviyyədə mənimsəyirsə, belə halda uşaq müəllimlə qalıb əlavə hazırlaşa bilər. Müəllim mövzuya aid olan çox yüngül səviyyəli tapşırıqlar verərək şagirdi oxutdura bilər. Yəni, tapşırıqlar bu hallarda verilə bilər. Ümumilikdə isə şagirdə ev tapşırığı verilməməlidir, şagirdlər bütün mövzu və mətnlərin hamısını sinifdə öyrənməlidir. Çünki təhsil məktəbdə verilir. Tərbiyənin özü də ailə və məktəbdən gəlir. Şagirdlərimiz məktəbdən evə gedərkən sırf fiziki tərbiyə ilə məşğul olan müəyyən işlər görməlidirlər. Yəni, onlar əyləncəli idmanla məşğul olmalı, həyətə çıxmalı, qonaq getməli, ailədə yaşlı baba və nənə varsa onlarla, valideynləri ilə vaxt keçirməlidirlər. Evə tapşırıqlar ona görə verilməməlidir ki, şagirdin istirahətini keçirməsi üçün ona imkan yaradılsın”.

      Ekspertin sözlərinə görə, müəllim adi ev tapşırıqlarının əvəzində, uşaqlara mövzunun işlənməsi üçün elə tapşırıq verə bilər ki, həmin mövzuya aid olan bilgini evdə, həyətdə, gəzintiyə getdiyi məkanda əldə edə bilərlər:

      “Bilik hər şey yaddan çıxandan sonra insanın beynində qalan məhsuldur. Həyati bacarıqlarına sirayət edən mövzu şagirdin biliyi olur. Yəni, biz şagirdlərə daha çox tapşırıq versək, onlarda öyrənməyə həvəs qalmayacaq və olan meyil də itəcək. Müəllimdən çox yüksək bacarıq və intellekt tələb olunur ki, şagirdin qavrama qabiliyyətini düzgün olaraq qiymətləndirsin və buna uyğun ev tapşırığı versin. Bəzən istər ibtidai, istərsə də ümumi orta təhsildə müəllim 10 tapşırığın hamısını bütün sinfə verir. O tapşırıqlardan zəif şagird ikisini həll edə bilər ya yox, orta təhsilli şagird yarısını, yüksək təhsilli şagird isə hamısını edə bilər. Belə olan halda sinifdaxili qiymətləndirmədə də yanlışlıqlar ortaya çıxacaq, zəif şagird elə zəif olaraq da qalacaq. Ona görə qiymətləndirmənin düzgün şəkildə aparılması üçün müəllimlər doğru-düzgün tapşırıq seçməlidirlər. Əgər belə olarsa, şagird düzgün qiymətləndiriləcək, onların biliyi çox yüksək səviyyədə olacaq və öz effektini də göstərəcək”.

      Gununsesi.info