Evdəki təhlükədən daha böyüyünə qaçanlar: Yeniyetmə qızlar niyə itkin düşürlər?- FOTO

Demək olar ki, son aylarda günümüzü itkin xəbərləri ilə açırıq. Qızların, xüsusilə yeniyetmələrin itkin düşməsi ilə bağlı yayılan informasiyalar günü-gündən artmaqdadır. Artıq çoxu bunu adi bir hal kimi qarşılayır.

Yetkinlik dövrünü yaşayan gənclər üçün ailələrin, cəmiyyətin, məktəbin qoyduğu qaydalar və təzyiqlər bəzən onların səbrini daşdırır və onlar bu qaydalardan can qurtarmaq üçün evdən qaçmağı bir həll yolu kimi görürlər. Qızların evdən qaçmasının səbəbləri müxtəlifdir. Amma son günlər sosial şəbəkələrdə tanışlıq amili digər səbəbləri geridə qoyub. Onlar naməlum səbəbdən evdən çıxır və bir daha geri qayıtmırlar.

HTML tutorial

Bəs görəsən, yeniyetmə və gənc qızlar niyə evdən qaçırlar?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən psixoloq Elnur Rüstəmovun sözlərinə görə, bu kimi informasiyaları işıqlandırmaqla sayını artırırıq:

“Bu cür hallar sosial şəbəkələrdə, eyni zamanda mətbuatda mütəmadi olaraq işıqlandırılır. İntihar xəbərləri də belədir. İşıqlandırıldıqca sayı artır.

Hər evdən gedənin özünün fərdi bir səbəbi olur. Bu, fizioloji yox, psixoloji faktorlardan dolayı yaranan bir problemdir. Ürəyi xəstə deyil ki, evdən getsin. İnsan evdə qərar tuta bilməyəndə gedir. Hər hansı bir problemi olur, ailə ilə bölüşə bilmir. Münasibətləri normal deyil. Buna da evdən qaçmaq deyirik”.

E.Rüstəmov qeyd edib ki, evdən qaçmaq yeniyetmənin təhlükədən uzaqlaşmaq üçün seçdiyi yoldur:

“Səhv və ya düz – bu, ayrı məsələdir. Ailə daxilində mübahisələr ola bilər. Bu məqamlara xüsusi diqqət göstərmək lazımdır. Əgər problem varsa, həll olunmalıdır. Zaman keçdikcə boşanma, ailədaxili zorakılıq halları fəsadlara gətirib çıxarır. Biz qəbul etməliyik ki, insan yaşamaq üçün sağlam olmalıdır. Psixoloji sağlamlığının qeydinə də qalmalıdır. Bunu həyat tərzinə çevirməli, həm də psixoloji sağlamlığımızı qorumalıyıq”.

Sosioloq Lalə Mehralı isə əlavə edib ki, bəzən azadlığa qovuşmaq üçün də evdən qaçırlar:

“Sosial şəbəkələrdə, xəbər portallarında elan verilir ki, evdən çıxıb, bir daha geri qayıtmayıb. Bir həftə ərzində başqa bir yerdən ortaya çıxır. Gənclər üstünlük təşkil edirlər. Hər biri ayrı səbəbdən gedə bilər. Kimisi evdə yola gedə bilmir, bəziləri də sırf azadlıq axtaranlardır. Düşünürlər ki, evdən getsələr, tək yaşasalar, azad olacaqlar. Ümumiləşdirib demək olmur ki, hamısı bir məqsədlə evdən çıxır. Oxumaq üçün evi tərk edənlər var. Ona görə hamısını tərəzinin eyni gözünə qoymaq olmur”.

L.Mehralı qeyd edib ki, valideyn uşağını bu yola sürükləməməlidir:

“Nə olur-olsun yetkinlik yaşına çatmayan şəxslərin evdən getmələri təhlükəlidir. Ev ən etibarlı sığınacaqdır. Lakin bəzən valideynlər də onların təhlükəsizliyini təmin edə bilmirlər. Əksinə, hər hansı bir çıxar üzərinə övladlarının təhsil həyatını yarımçıq qoyur, az yaşda evləndirirlər.

Ümumilikdə hesab edirəm ki, qarşısını almaq vacibdir. Çünki tapılmayan gənc qızlar kiminsə qurbanına çevrilirlər. Elə bir vəziyyətə düşürlər ki, heç yana əlləri çatmır. Sağ olduqları ilə bağlı yaxınlarına məlumat verə bilmirlər.

Yeniyetmələr anı düşünürlər. Valideyn onları bu yola sürükləmədən öncə yüz ölçüb, bir biçməlidir”.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycan Respublikasının ərazisində 805 nəfər itkin düşüb. Onlardan 106-sı 18 yaşınadək olan uşaqlardır. Hüquq-mühafizə orqanlarının apardığı axtarış işləri nəticəsində itkin düşənlərdən 665 nəfərin yeri müəyyən edilib ki, onlardan da 103-ü 18 yaşadək uşaqlar olub.

Gununsesi.info