Evimizə girən koronavirus, eynəyim və dovğa qazanı - İlqar Rəsul yazır

  • By admin
  • 29 İyun 2020 18:30

Mən həmişə deyirdim ki, “kişi yeri gələndə ailəsi üçün daş da daşımalıdı”. Sən demə, yanılırammış. Yəni daş daşımaq… Nə isə, bu barədə sonra.

Ötən həftələrdə ailəmdə koronavirus problemi yaşandı. Hər cür qorunmağımıza baxmayaraq, axır ki, virus evə girə bildi. (Oğlumla məndən fərqli olaraq) Xanımım hardasa cüzi də olsa səhlənkarlıq etmişdi, görünür. Çünki yoluxan o idi.

Bir gün səhhətində yüngül narahatlıq hiss etdi. İkinci gün boyu da halsızlıq davam etdiyində, üçüncü gün 103-ə telefon açıb həkim çağırdıq. Bir saat keçmiş gəldilər, çox mehribancasına, ustalıqla üçümüzdən də yaxma götürüb, getdilər (pulsuz aparılır bu iş, bilməyənlər bilsinlər).

Nəticə 2 neqativ (oğlumla mən), 1 pozitiv (xanımım) oldu. İki gün sonra gəldilər xanımı karantinə götürməyə. Xəstəliyin ciddi simptomları və temperaturu olmadığı üçün yazılı şəkildə xəstəxanaya aparılmasından imtina etdik. Evdə karantin rejimi yaradıb, dərhal TƏBİB-in resepti və ailə üzvümüz sayılan həkimin (Ləman Nur) nəzarəti ilə üçümüz də (oğlumla mən profilaktik) müalicəyə başladıq.

KARANTİN

Televizor olan otaq xəstə üçün ayrıldı, onun vanna otağından başqa heç bir otağa keçməməsi qərara alındı. Qaldığı otağa ayrıca spirt, əl-üz dəsmalı, dərman, çay-su içmək üçün bizimkindən fərqli fincanlar və s. qoyuldu.

Sonra məlum oldu ki, bu azdı, oğlumla mən də bir-birimizdən qorunmalıyıq, çünki birimiz hələlik virus daşıyıcısı olub digərini də yoluxdura bilərik.

Mətbəxdəki dolabların, soyuducunun, elektrik sobasının qapılarının tutacaqlarını xəyalən qırmızı xətlə ortadan ayırdıq ki, açanda birimizin əli dəyən yerə o birininki dəyməsin. Bununla belə bütün qapıların, işlək pəncərələrin tutacaqları tez-tez spirtlənir, əllər yuyulurdu. Zəruri hallarda evdə maskadan istifadə olunurdu. Pəncərənin biri daim açıq saxlanır, qalanlar tez-tez açılırdı ki, evin havası dəyişsin (bu çox vacibdir).

ƏN VACİB MƏQAM

Evdə daim mövcud olan pozitiv əhvalı daha da artırdıq. Anlayırdıq ki, əks halda bədbinlik sarsıntıya çevrilib immuniteti aşağı salaraq, virusun qələbəsinə yol açacaq. Ona görə də zarafatımızdan qalmadıq. Hətta hansısa iş tərsə düşəndə belə, onu yumor hissi ilə yola verdik.

Ailədəki birliyi daha da sistemli hala gətirdik ki, bu prosesin gedişində kimsə ruhdan düşüb illərdi mövcud olan zəncirin həlqəsini qırmasın.

TƏMİZLİK

(sözsüz ki, bunu xəstə etmirdi)

Hər yeməkdən sonra qab-qacaq dərhal yuyulurdu. Əl-üz dəsmalları, yataq dəstləri və paltarlar tez-tez dəyişdirilir, işlənmişlər paltar maşınına gedirdi. Döşəmə tez-tez tozsoranlanır, evlər silinirdi. Masanın üzəri, stullar arada spirtlənirdi (illah da həkim gəlib-gedəndən sonra). Və s…

MƏTBƏX

Nəzərə alsaq ki, yoluxan xanımdı, mətbəx ayrıca bir müsibətdir. Yemək bişirmək (qabları yumağa şükür), çay dəmləmək, salat hazırlamaq, göyərtini, meyvələri yumaq (mələfələri də yuyub sərməyə şükür). Söhbəti pozitiv bitirmək üçün mətbəxin ardını sona saxlayıram.

ƏN AĞIR İŞ

Testin nəticəsi pozitiv çıxanda adam elə bilir ki, bu ən pis hadisədi. Ancaq sonra – dərman almağa gedəndə tədricən anlayırsan ki, yox, deyəsən əsas problem cavabın pozitiv çıxması deyilmiş. Hə, məhz dərman tapmaq imiş (üstəlik də, dərmanı bir nəfər üçün yox, üç nəfər üçün axtaranda). Bir neçə aptekdən ““arbidol”, “vitamin c” yoxdur” –  cavabını alandan sonra, rastına çıxan digər apteklərə sadəcə “yoxdur” cavabı eşitmək üçün girirsən.

Məsələn, aptekə girirsən, görürsən satıcı qız uzun-uzadı telefonla danışır. Sən gözləyirsən. Gözləyirsən ki, söhbəti bitirsin, ondan da “yoxdur” cavabını alıb gedəsən. Qızsa elə hey danışır. Yox, qeybətləşmir, vaxt öldürmür, bir gözü növbəyə dayanmış insanlarda, telefonda müştəriyə hansısa dərman barədə izahat verir.

Nəhayət, qız danışıb qurtarır, sənin bayaqdan gözlədiyin “yoxdur” cavabını verib, yola salır. Sənsə yorğun-arğın başqa apteklərə doğru yol alırsan…

Yenə də dostlar sağ olsun. Bakının, Məmləkətin künc-bucağından hərəsi 1-2 qutu  dərman tapıb göndərir, ya yerini deyirlər, gedib alırsan, müalicənin arası kəsilmir…

NƏHAYƏT

Həkimin təyin etdiyi 10 gün başa çatır. Yenə təcili yardım çağırırsan. Gəlirlər, əvvəl deyirlər “xəstənin temperaturu yoxdu, test edə bilmərik”, sən vəziyyəti izah edirsən, sonra deyirlər “ancaq xəstəni test edəcəyik”, sən yenə də təmkinlə vəziyyəti izah edirsən, bundan sonra bütün ailə üzvlərindən yaxma götürüb gedirlər. Cavab gələnədək hər yerə zəng, dərman axtarışı, müalicə davam edir…

Nəhayət, təkrar testin nəticələri çıxır – 3 neqativ. Məlum olur ki, artıq hamı sağlamdır.

Və sən ağır döyüşdən çıxan yorğun əsgər kimi əlinin arxası ilə alnının tərini silib, cəbhəni – ev işlərini və izolə edilmiş otağa gündə üç-dörd dəfə içində yemək, çay, meyvə daşıdığın sinini mətbəxlə birgə xanıma təhvil verib, nəfəs dərməyə çəkilirsən. Bu vaxt oğlunun heyranlıqla dediyi sözləri eşidirsən: “ata sən doğrudan da çox böyük fədakarlıq etdin”. Və sənin yadına əvvəllər, hərdən dostlara dediyin sözlər düşür. “Kişi yeri gələndə ailəsindən ötrü daş da daşımalıdır”. Yadına düşür və anlayırsan ki, əslində daş daşımaq çox asan bir şey imiş. Ondan da ağır və çox təhlükəli başqa işlər varmış…

Ona görə də dostlar, çalışın, çöldə-bayırda özünüzü virusdan qoruyun. İnanın ki, bu, evin içində virusdan qorunmaqla müqayisədə çox sadə bir işdir. Dəhşətdi evə girən virusdan qorunmaq. Məsələni bu həddə qədər çatdırmayın, lütfən.

POZİTİV

Mən hələ sizə yaşadıqlarımızın hamısını danışmadım.

Çayın qaynaması, yeməyin kəfinin qarışması, hələ dovğanın daşması…

Dovğa daşdı, tez özümü yetirdim ki, qarışdırıb yatırdım köpünü, bu vaxt eynəyim burnumdan sürüşüb qazana düşdü. Taxta qaşıqla eynəyi tapıb çıxartdım, düşdü döşəməyə. Pilətənin üstü kimi döşəmə də istahatdan çıxdı. İstədim əyilib eynəyi götürəm, dayandım, – yox –  dedim, – deyəsən bu qazanın üstümə aşmaq fikri var, əyilməyimi gözləyir.

Hələ sonradan pilətənin üstünün yağını təmizləmək…

Nə isə əşşi, keçmiş olsun…

 

 

Gununsesi.org