
Ədalət Partiyası sədrinin müavini Elxan Şükürlü Gununsesi.info-ya açıqlamasında Prezident Administrasiyasının təşəbbüsü ilə siyasi partiyaların son görüşünü şərh edib.
Onun sözlərinə görə, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi daha bir nəcib təşəbbüsə, həm də Azərbaycanın müstəqillik tarixində növbəti ilkə imza atıb: “ Dövlət qeydiyyatından keçmiş bütün siyasi partiyalarla bir neçə dövlət qurumunun – Ədliyyə və Maliyyə nazirliklərinin, Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının və Hesablama Palatasının təmsilçilərinin birgə görüşünü təşkil edərək, gözəl və sərbəst müzakirə mühiti yaradıb.
Tədbir 16 dekabr 2022-ci ildə qəbul olunan yeni “Siyasi partiyalar haqqında” qanunun tətbiqində ortaya çıxan məsələlərin müzakirəsi üçün təşkil edilsə də, demək olar, çıxış edən partiya təmsilçiləri yüksək ədəb və əxlaq çərçivəsində həm iqtidar-müxalifət münasibətləri, həm də ölkənin siyasi gələcəyini birgə inşa etmək yolları barədə kifayət qədər aydın və dolğun, əhatəli, əsaslandırılmış təkliflər, mövqelər səsləndirdilər…
Vaxt var idi, Azərbaycandakı partiyaları yalnız xarici ölkə səfirlikləri bir araya toplayır, onlar müəyyənləşdirirdilər ki, bu ölkədə kim müxalifətdir, kim yox; hansı problemlərə hansı baxış, mövqe hakim olmalıdır…
Şükür ki, siyasi partiyaların yolunu, taktikasını, siyasi mövqe və baxışlarını başqa ölkələrin səfirliklərinin müəyyənləşdiridiyi o rüsvayçı dönəm artıq arxada qalıb və indi biz özümüz öz Dövlətimizin təşkilatçılığı ilə öz dövlətimizin – evimizin problemlərini eyni masa arxasında rahatca əyləşib, birlikdə, tutaşmadan, dalaşmadan, yüksək siyasi mədəniyyət çərçivəsində, deyə-gülə müzakirə edirik”.
Elxan Şükürlü bildirib ki, PA-nın şöbə müdiri Ədalət Vəliyevin çıxışında bir məqam xüsusi diqqətini çəkib:
”Azərbaycandakı partiyaların real siyasi mənzərəsini konkret faktlarla, rəqəmlərlə ortaya qoyan, yaxşı bir statistika təqdim edən və ölkədə milli birlik yaradılması təşəbbüsünün də birbaşa Prezident İlham Əliyevdən gəldiyini deyən Ədalət müəllimin çıxışından o da aydın oldu ki, 44 günlük Qarabağ savaşı dönəmində siyasi partiyaların vahid mövqe göstərərək, hakimiyyəti müdafiə etməsi ən çox Qərb ölkələrinin Bakıdakı səfirliklərini narahat edib və onlar iqtidarla müxalifətin birgə bəyanatlarından sonra tələm-tələsik Administrasiya rəsmiləriylə görüşərək, məhz bu məsələyə necə nail olduqlarının səbəblərini araşdırmağa çalışıblar…
Bəli, biz həmişə demişik ki, ölkənin içərisində milli və siyasi həmrəyliyə nail olarıqsa, qarşımızı kəsən, inkişafımıza mane olan bütün maneələri, sədləri də daha tez aşar, arzuladığımız azad, ədalətli və firavan Azərbaycanı birlikdə daha tez qura bilərik”.
Afət Abbasova
Gununsesi.info