“Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucovun həbs müddəti iki ay uzadılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə jurnalistin həyat yoldaşı Lamiyə Orucova məlumat verib.
Onun sözlərinə görə, müdafiə tərəfi məhkəmənin qərarından apellyasiya şikayəti verəcək.
“Mənim üçün ən çox Əzizin sağlamlıq durumu önəmlidir. Səhhəti normal deyil. Nə qədər müraciət edilsə də baxan yoxdur. Heç bir istintaq hərəkəti aparılmır. Artıq 3-cü dəfədir həbs müddəti uzadılır”, o qeyd edib.
Qeyd edək ki, “Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov ötən il noyabrın 27-də saxlanılıb.
Cinayət Məcəlləsinin 188.2-ci (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma, icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) və 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri üzrə ittiham olunan Əziz Orucov ittihamları rədd edir və həbsinin jurnalist fəaliyyətini məhdudlaşdırmağa yönəldiyini bildirir.
Gununsesi.info