Fəaliyyətini plaket almağa həsr edən deputatlara sözardı - PƏRVİZ HƏŞİMLİ YAZIR

  • By admin
  • 02 İyul 2024 15:35

Milli Məclisdə öz işiylə, vəzifəsi ilə məşğul olmayan çoxlu deputat var. Onlardan  2-si  xüsusilə seçiləndir.  Biri Jalə Əhmədova digəri isə Vüqar İsgəndərov…

Bu deputatların üzərində xüsusi dayanmağım isə onların fəaliyyətlərində nəzərəçarpan məqamlardır.

 

Dünyanın güclü, inkişaf etmiş ölkələrində parlament mühüm səlahiyyətlərə malik ali hakimiyyət orqanıdır.

Parlamentin hökumət üzərində nəzarəti həmin dövlətin inkişafı üçün mühüm amil hesab edilir.

Azərbaycanda da parlament var.

Konstitusiyaya görə, Milli Məclis dövlətin əsas məsuliyyətini bölüşən ikinci ali hakimiyyət orqanıdır.

Təəssüf ki, Azərbaycan parlamentində bir neçə nəfər istisna olmaqla, əksər çoxluq üçün vətəndaşların hüquqlarının müdafiəsi prioritet təşkil etmir.

Hökumətin hesabatı, yaxud da büdcə zərfinin müzakirəsinə həsr olunan iclaslarda  deputatlarımız hökumətdən tələb, təklif, tənqiddən daha çox, ayrı-ayrı nazirlərə yarınmaq  mühiti yaradırlar.

Milli Məclisdə vətəndaşın hüquqları, problemi haqqında danışan 10-12 nəfər istisna olmaqla, əksəriyyət üçün bu  anlayış yoxdur.

Sadəcə susurlar.

Ancaq bu deputatlar ictimai status qazanmaq, mövcudluğunu göstərmək də istəyir.

Özləri dərk etməsə də seçdikləri yol onların ictimai əhəmiyyətini ümumiyyətlə, yox edir.

Yuxarıda adlarını qeyd etdiyimi bu iki deputatı götürək.

Harada mənasız tədbir, reket üsulları ilə mükafatlandırma  mərasimləri varsa, orada başda otururlar.

Son  illər iş adamlarına, deputatlara  müxtəlif adlar altında geydirmə mükafatlar verilir.

Sadəcə bu mükafatları gözə soxan onun təqdimat mərasimlərinin  bahalı otellərdə təşkilidir.

Həmin mərasimlərin simasına çevrilən Hacı Nuranla şəkil çəkdirmək yarışına duran bu zavallılar Milli Məclis kimi bir orqanın  deputatı olduqlarının fərqinə varmırlar.

Axı, sən du-yure on minlərlə sakini olan bir şəhərin, rayonun deputatısan.

Özünü ifadə etməyin üçün çox yol var.

Ölkədə danışılası o qədər mövzu var ki, onunla gündəmə gələ bilərsən.

Tənqidə cəsarətin yoxdursa, təkliflə çıxış elə. Seçicilərindən aldığın palaz-palaz şikayət məktublarını ümumiləşdir,  təhlil et və onları təklifə çevir.

Gedib, heç bir ictimai yükü olmayan təbdbirlərdə plaket alıb poz vermək deputatın işi deyil.

İndi seçkiyə gedəcəksiz, seçicinizə verməyə bir hesabatınız varmı?

Pərviz Həşimli

Gununsesi.info