Fənn müsabiqələrinə start verilir

  • By admin
  • 03 Mart 2017 13:14

fenn
Martın 5-də ümumi təhsil məktəblərinin VI və VII sinif şagirdləri arasında fənn müsabiqələrinin birinci mərhələsi keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) Gununsesi.info-ya verilən məlumata görə, fizika, kimya, biologiya, riyaziyyat və informatika fənləri üzrə keçiriləcək fənn müsabiqələrinin ilk mərhələsində Bakı şəhəri üzrə 3000 nəfərə yaxın şagirdin iştirakı nəzərdə tutulur. Fənn müsabiqələrinin ilk mərhələsi paytaxt üzrə 4 mərkəzdə keçiriləcək.

Fənn müsabiqələrinin keçirilməsində əsas məqsəd istedadlı uşaqların aşkar edilməsi, aşağı sinif şagirdlərinin fənlərə olan marağının artırılması və onlarla məqsədyönlü işlərin aparılmasıdır.

İki mərhələdən ibarət olan fənn müsabiqələrinin final mərhələsinin cari ilin iyun ayında keçirilməsi planlaşdırılır.
Müsabiqənin final mərhələsinin nəticələrinə əsasən, şagirdlər fərdi mükafatlandırılmaqla bərabər, rayon və şəhərlərin reytinq cədvəlinə uyğun olaraq ölkə üzrə qalib komandalar müəyyən ediləcək. Yüksək nəticə göstərmiş şagirdlərin fənn müəllimləri də təltif olunacaq. Eyni zamanda ölkə üzrə istedadlı şagirdlər bazası yaradılacaq və həmin şagirdlər müvafiq fənlər üzrə müxtəlif beynəlxalq fənn və layihə olimpiadalarına hazırlıqlara dəvət ediləcəklər.

Qeyd edək ki, ölkənin bütün şəhər və rayonlarında VI və VII sinif şagirdləri arasında keçiriləcək fənn müsabiqələrinin ilk mərhələsində 14 mindən çox şagirdin iştirakı gözlənilir. Bu, ötən tədris ilinə nisbətən 5000 nəfər çoxdur.

Anar
Gununsesi.info