
Milli Dirçəliş Hərəkatı Partiyası 11 aprel 2018-ci il tarixində keçirilmiş Azərbaycan Respublikası Prezidentinin növbədənkənar seçkilərində iştirak edəcəyi ilə bağlı qərar verdikdən sonra, zamanın az olmasına baxmayaraq bütün imkanlarını səfərbər edərək seçki kampaniyasına qoşuldu.
Bu barədə Gununsesi.info-ya partiyadan bildirilib.
Bildirilib ki, ilkin mərhələdə qısa zamanda partiya tərəfindən namizədliyi irəli sürülmüş Fərəc Quliyevin namizədliyinin müdafiəsi məqsədiylə 76 dairədən 44732 imzanın toplanmasına nail oldu.
Fərəc Quliyevin namizədliyi qeydə alındıqdan sonra, təbliğat-təşviqat kompaniyasında ödənişsiz təşviqat imkanlarından yararlanmaqla yanaşı, ödənişli təşviqat vasitəsiylə də təbliğatını qurdu.
“Ölkənin və paytaxtın müxtəlif rayonlarında keçirilən ümumi görüşlərlə yanaşı, seçicilərlə çoxsaylı məhəlli görüşlər keçirildi.
Bunlardan əlavə kampaniya dönəmində 11000 ədəd 3 cür təbliğat plokatı çap edilərək müvafiq yerlərdə yapışdırılıb. Fərəc Quliyevin seçki platforması 50000 ədəd kitabça şəklində çap edilərək ictimai yerlərdə paylanılıb. 3000 ədəd isə Fərəc Quliyevin seçki təbliğatı üzərinədə əks edilmiş qələmlər hazırlanaraq tələbələrə bağışlanıb. Partiyanın seçki qərərgahında yaradılmış səyyar təbliğat komandası vasitəsilə qurulmuş fərqli təbliğatlardan biri də, səyyar təbliğat proqramı oldu. Həmin proqram çərçivəsində üzərində Fərəc Quliyevin seçki plokatları olan təbliğat avtomobilləri paytaxtda və digər şəhərlərdə təbliğat turları, rayonlararası yürüşlər keçiriblər.
Bu və digər vasitələrlə partiya olaraq ideologiyamızın ictimailəşməsini bu seçki dönəmində də yüksək səviyyədə həyata keçirə bildik.
Eyni zamanda tərəfimizdən seçki prosesi seçki komissiyalarındakı üzvlərimiz, səlahiyyətli nümayəndələrimiz, vəkillərimiz və müşahidəçilərimiz tərəfindən yaxından izlənildi. Müşahidə prosesini qaneedici səviyyədə təşkil edə bildik. Ciddi bir qanun pozuntusuna rast gəlinməsə də, qeydə alınan neqativliklərə dərhal müdaxiləmiz nəticəsində problemin operativ şəkildə aradan qaldırılmasına nail olduq.
Müşahidələrimiz nəticəsində seçkilərin uğurla baş tutması qənaətindəyik ki, bu da ölkənin siyasi uğuru deməkdir”.
Gununsesi.info