Aslan İsmayılovun cəsarəti çatırsa, mənliyi, kişiliyi varsa, mənimlə üz-üzə gəlsin, kompüterin arxasında gizlənməsin. Nə sözü varsa, üzümə desin. Mən onunla istənilən yerdə debata hazıram”.
Bunu Gununsesi.info-ya açıqlamasında millət vəkili Fəzail Ağamalı Aslan İsmayılovla aralarında baş verən insidentə aydınlıq gətirərkən deyib.
Millət vəkili bildirib ki, A. İsmayılov son günlərdə “Facebook” sosial şəbəkəsində onun, eləcə də deputat həmkarı Qüdrət Həsənquliyev barəsində şər-böhtan xarakterli yazılar yazır: “Guya biz Vahid Əhmədov kimi xalqın qarşısına çıxa bilmərik. Mən o adamlardan deyiləm ki, iş-gücümü atın ona sosial şəbəkələrdə yazdığı şər-böhtana cavab yazam. Mən belə şeylərdən uzaq adamam. Dedim ki, bəsdir, yetər, artıq insanlar haqqında böhtan yazma. Ayıbdır”.
F.Ağamalı əlavə edib ki, onun V. Əhmədova böyük hörməti var. “Düzdür, , o zamanında Qubadakı hadisələr zamanı xalqın qarşısına çıxdı və qarşıdurmanı dərinləşməyə qoymadı. Bu gün məmin də kimsədən çəkinəcəyim yoxdur. Mən taleyimi millətin yolunda qoyan insanlardanam. Ona görə də dedim ki, bu cür xoşagəlməz yazılar yazmaq lazım deyil. Bu, kişiliyə yaraşan iş deyil”-deyə, millət vəkili bildirib.
Millət vəkili həmçinin bildirib ki, onunla seçildiyi Salyan-Neftçala Seçki Dairəsinə getməyə hazırdır. “Ona çatdırın ki, Fəzail Ağamalı deyir ki, cəsarəti çatırsa, mənimlə getsin Salyan –Neftçalaya. Onda görərik ki, kimi necə qarşılayacaqlar?! Məni gül-çiçəklə, onu isə daş-kəsəklə”.
F.Ağamalı sonda deyib ki, bununla da məsələyə nöqtə qoyur. “Əgər, o, bir daha belə hərəkətə yol verəsə, hüquqi müstəvidə mübarizə aparacağam. Artıq Milli Məclisdə də Cinayət Məcəlləsinə şər-böhtanla bağlı dəyişiklik olub və bu hüququmdan yararlanacağam”.
Qeyd edək ki, A.İsmayılov özünün “Facebook” səhifəsində F.Ağamalı tərəfindən telefonla hədələndiyini bildirib.
Mürtəza
Gununsesi.info