Fəzail Ağamalı: "Rövşən öz aləmində söz sahibi, iradəsinin də qabağında heç bir iradə yox idi"

  • By admin
  • 23 Avqust 2016 10:44

Fazail-1

Əfsanəvi “qanuni oğru” Rövşən Canıyevin (“Lənkəranski”) qətli son günlər media və sosial şəbəkələrin əsas müzakirə mövzusuna çevrilib. Hər kəs ondan danışır, onun öldürülməsinə təəssüflənir, eyni zamanda günlər ötdükcə Canıyev barəsində yeni-yeni fikirlər meydana çıxmaqdadır.

Amma bununla belə, “Lənkəranski”nin ölümünün bu qədər gündəmə gətirilməsini qınayanlar da var. Onunla bağlı çoxsaylı müzakirələrdən biri də deputat qohumu, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının dəfn mərasimində iştirakıdır. Deputat ciddi tənqidlərə tuş gəlir.

Gununsesi.info xəbər verir ki, “Yeni Müsavat”a açıqlamasında F.Ağamalı “Lənkəranski”nin dəfnində iştirakına görə barəsində səslənən fikirlərlə bağlı bunları dedi: “Rövşən haqq dünyasına qovuşub. Biz insanıq, bu dünyaya gəldiyimiz kimi, bir gün də bu dünyadan köçəcəyik. Bizi yaradan Tanrı hər kəsə bir tale yazıb. Biz o taleni yaşayırıq, son günümüzü Allahın dərgahı ilə keçirib, bu dünyanı tərk edirik. Rövşənin taleyi belə gətirdi. Təbii ki, təəssüf doğuracaq tale oldu. Çünki o, bu sahəyə getməsəydi, əmin idim ki, başqa sahədə özünə yaxşı yer tutacaqdır. Çünki yetərincə ağıl sahibi idi. Kimin nə deməyindən asılı olmayaraq, mən insanlıq borcumu yerinə yetirdim, həmin dəfn mərasimində iştirak etdim. Qardaşımın qızı o ocağın gəlinidir. Rövşən rəhmətlik qardaşım qızının qaynıdır. Bu və ya digər şəkildə bununla bağlı məni qınayanlara bir sözüm yoxdur. Hər kəsin məsələyə müxtəlif baxışı var. Nə deməyimdən asılı olmayaraq, bu baxış dəyişən deyil. Bir daha deyirəm ki, sözün həqiqi mənasında Rövşənə rəhmət düşür. Çünki o, zamanında xaricdə yaşayan çoxsaylı soydaşımıza kriminal aləm içərisində öz köməkliyini edib”.

Partiya sədri xalqın  “qanuni oğru”ya öz layiqli qiymətini verdiyi qənaətindədir: “Dəfndə göründü ki, Lənkəranda ona rəğbət yüksəkdir. Amma bu, əhalinin kriminal aləmə rəğbəti kimi başa düşülməli deyil. Bu, sadəcə, Rövşənin nəslinə, nəcabətinə və özünə olan münasibətin ifadəsi idi. O, Lənkəran camaatının xüsusi rəğbəti ilə o dünyaya yola salındı. İstəməzdim ki, Rövşən bu yola getmiş olsun. Çünki mən başqa dəyərlərin və başqa bir dünyagörüşünün daşıyıcısıyam. Amma alın yazısı deyilən bir şey var. Buna çox inanıram. Bu da Rövşənin taleyi idi. Atasının intiqamını aldı. Təbii ki, atasının intiqamını alandan sonra o bu yolla vidalaşa bilər, bu yola getməyə bilərdi. Amma o bu yola getdi, özünün seçimi idi. Bu seçimlə bağlı ona deyilən xoşməramlı fikirlərin heç birini qəbul etmədi. Sadəcə olaraq, həmişə təəssüflənmişəm ki, o bu yoldadır”.

Deputat “Lənkəranski”nin öz aləmində böyük nüfuz sahibi olduğunu da qeyd etdi: “Yayılan məlumatlardan, deyilən sözlərdən onu demək mümkündür ki, Rövşən öz aləmində söz sahibi idi. İradəsinin qabağında heç bir iradə yox idi. Əslində qalsa, bir insan kimi o, rahat həyat yaşamadı. Amma mənsub olduğu çərçivədə, yəni kriminal aləmdə Rövşən ömrünü şərəflə başa vurdu, azərbaycanlı adına ləkə gətirmədi”.

Müsahibimiz “Palmalı” Şirkətlər Qrupunun rəhbəri, azərbaycanlı biznesmen Mübariz Mənsimovun Lənkəranski öləndən sonra gördüyü işlərə də toxundu: “Əlbəttə, eloğlu kimi öz üzərinə düşən vəzifəni yerinə yetirdi. Bu, Rövşəni tanıyan bir şəxs kimi onun insanlıq borcu idi. Mübariz Mənsimov ünvanına deyilən sözlərə layiq insandır. Qeyd edək ki, dünyada cinayətlər və cinayətkarlar olduğuna görə, bu sahədə söz sahibinin olması realdır.  Dünya, cəmiyyətlər birqütblü deyil. Rövşənə qədər bu aləmdə azərbaycanlılar olub, yəqin ki, bundan sonra da olacaq. Amma Rövşən təkrar olunmayacaq. Rövşən gəldi və getdi. Azərbaycanlının o aləmdə olmasını istəməzdim. Heç bir azərbaycanlının həbsə düşməsini istəmirəm. İstəyərəm ki, hər həs ailəsi, uşaqları ilə bu dünyada azad və xoşbəxt həyat yaşasın”.

Gununsesi.info