Millət vəkili, “Ana Vətən” Partiyasının sədri Fəzail Ağamalı da hesab edir ki, 1993-cü ildə prezident Əbülfəz Elçibəy Heydər Əliyevin Bakıya gəlişini istəməsəydi, təbii onun gəlişi çətin olardı. “Ancaq Əbülfəz Elçibəy o dövrdə yaranmış durumu dərindən analiz edib bu addımı atdı. Bir də Elçibəy xalqın iradəsinə qarşı çıxa bilməzdi, o sosial isfarişi nəzərə alaraq yaranmış durumdan ölkəni çıxarmaq üçün Heydər Əliyevi Bakıya dəvət etdi və onun ardınca Naxçıvana təyyarə yolladı” , – deyə F.Ağamalı bildirdi.
1993-cü ildə yaranmış vəziyyəti və Heydər Əliyevin hakimiyyətə gəlişinin zərurəti haqqında danışan F. Ağamalı bildirdi ki, 1993-cü ildə bölgədə və xüsusən də Azərbaycanda vəziyyət həddən artıq böhran durumunda idi: “Rusiya-İran tandemi nəticəsində Azərbaycana qarşı xüsusi planlar həyata keçirilirdi. Məhz Əbülfəz Elçibəy yaranmış durumdan çıxış yolu kimi Heydər Əliyevin hakimiyyətə gəlişində görürdü. O bilirdi ki, ölkəni ancaq onun vasitəsi ilə xilas etmək olar. Digər bir məqam isə ondan ibarət idi ki, o dövrdə H.Əliyevin Bakıya dəvət edilməsində xalqın da iradəsi müstəsna rol oynadı. Xalq H. Əliyeviyevin hakimiyytətə gəlişini və xaosdan xalqı xilas etməyini tələb edirdi. O dövrdə mən də, o cümlədən Əli Nağıyev də proseslərin içərisində idik. Əli Nağıyev AXC-Müsavat hakimiyyətinə qarşı radikal mövqedə dayanan və H. Əliyevin hakimiyyətə gəlişi üçün aktiv fəaliyyət göstərən insanlardan biri idi. Ona görə də H. Əliyevin Bakıya gəlişi xalqın siyasi iradəsinin nəticəsi idi. Düzdür, ölkə başçısı Əbülfəz Elçibəy idi və istəməsəydi, H.Əliyevin Bakıya gəlişində çətinlik ola bilərdi. Ancaq xalqın istəyi ilə H. Əliyev başqa yolla, məsələn, Türkiyəyə gedib oradan Bakıya başqa təyyarə ilə gələ bilərdi. Bunu görən və anlayan prezident Elçibəy Naxçıvana özü təyyarə göndərib H.Əliyevi Bakıya gətirtdi”.
F.Ağamalı onu da əlavə etdi ki, bundan əlavə, Əbülfəz Elçibəyin Heydər Əliyevə hakimiyyətə olmamışdan öncə və hakimiyyəti dövründə də xüsusi rəğbəti vardı. “1993-cü il hadisələrinə bir neçə kəlmə ilə desək, Əbülfəz Elçibəy Heydər Əliyevi Bakıya dəvət etməklə dövlət və xalq qarşısındakı missiyasını yerinə yetirdi və bununla da xalqa və dövlətə müstəsna xidmətini göstərmiş oldu”, – deyə F. Ağamalı vurğuladı.