VP sədri, deputat Fəzail Ağamalı “Güney Azərbaycanlıların milli-azadlıq hərəkatına dəstək platforması” yaradır.
Bu barədə Gununsesi.info-ya deputatın özü deyib.
O, bildirib ki, sosial şəbəkələrdə artıq bu adla səhifə yaradılır: “Artıq 40 gündən çoxdur ki, İranda yaşayan bütün xalqlar onları uzun illər boyu cəhalət içərisində əzən, bütün hüquqlarını təpiklər altına atan, ölkəni orta əsr qaydaları ilə idarə edən fars-molla rejiminə qarşı mübarizə aparır. İran adlanan coğrafi məkanda aborgen və əhalinin çoxluğunu təşkil edən soydaşlarımız yenidən milli kimlik, milli istiqlal və milli hökumət uğrunda tarix yazmaqdadılar”.
Onun sözlərinə görə, dəfələrlə istiqlaliyyət uğrunda ayağa qalxan Güney Azərbaycanlılarının azadlıq hərəkatı xarici güclərin və İran fars şovunistlərinin birgə səyilə qan içində boğulmuşdur:
“Lakin bütün bu vəhşiliklər, görünməyən təzyiqlər və repressiyalar qəhrəman xalqımızın azadlıq istəklərini düşüncələrdən silə bilməmişdir. Güneyli soydaşlarımız bir daha ayağa qalxaraq istiqlal uğrunda amansız mücadiləyə qədəm qoymuşdur. Əvvəlki illərdən fərqli olaraq, bu gün bütün Dünya Azərbaycanlılarının hüquqlarını və təhlükəsizliyini qorumağı bacaran güclü dövlətimiz və onun sükanı arxasında dayanan qətiyyətli prezidentimiz mahir diplomat, Liderimiz İlham Əliyev və bütün Türk Dünyasının himayəçisi kimi nüfuz qazanan, qardaş Türkiyə və onun Cumhurbaşkanı, Araz haqqında dediyi şeirlə İranfars-molla rejimini çalxalayan, Beynəlxalq çaplı dövlət xadimi, xalqımızın sevimlisi Rəcəb Tayyib Ərdoğan var. Güneyli soydaşlarımızın Milli azadlıq hərəkatına dəstək vermək, bütün istiqamətlərdə onlarla bərabər olmaq Dünya, o cümlədən Quzey Azərbaycanlılarının da müqqədəs borcudur. Qərara gəldim ki, Güneyli qardaş və bacılarımızla birgə olduğumuzu həm də, “Güney Azərbaycanlıların milli-azadlıq hərəkatına dəstək platforması”nda nümayiş etdirək. “Bir olaq, bərabər olaq, bütöv olaq!” devizilə Güneyli soydaşlarımızın istiqlal savaşının yanında yer alaq”.
Günay
Gununsesi.info