Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı və Daxili İşlər Nazirliyinin iki əməkdaşı “Qala” Beynəlxalq Mühafizə Şirkətinin işi üzrə istintaqa cəlb edilir. Bu barədə Gununsesi.info-ya məlumatlı mənbələrdən xəbər daxil olub. Xəbərdə bildirilir ki, külli miqdarda dələduzluq əməllərinə yol verdiklərinə görə, hazırda həbsdə olan şirkətin rəhbərliyinin ifadəsi yeni bir cinayət işinin açılmasına səbəb olub. Belə ki, Baş Prokurorluqda aparılan istintaqda şirkət rəhbərliyi vətəndaşları aldadıb əldə etdikləri vəsaitin bir hissəsini deputat Fəzail Ağamalıya və DİN-in vəzifəli şəxslərinə vermələri barədə ifadə verib. Məhz bu ifadədən sonra fakt üzrə yeni cinayət işi açılaraq, işdən ayrılıb.
Məsələ ilə bağlı Fəzail Ağamalının mövqeyini öyrənməyə çalışdıq. Deputat tədbirdə olduğunu və geniş danışa bilmədiyini dedi. Ancaq o, qısa olaraq, deyilənləri “böhtan” adlandırdı.
Xatıladaq ki, adıçəkilən şirkətin Bakıdakı şəbəkəsində çalışan və aldadıldıqlarını bildirən azı 120 nəfərin etiraz aksiyalarından sonra məsələyə hüquq-mühafizə orqanları qarışıb. Bəlli olub ki, şirkət yüzlərlə vətəndaşın etibarından istifadə edərək, onların külli miqdarda pulunu mənimsəyib.
Baş Prokurorluq “Qala” BTX və “Azər Mühafizə” MMC-nin direktoru Vüqar Hüseynov barədə məlumat yaymışdı. Həmin məlumata görə, Vüqar Hüseynov bir qrup şəxslə əlbir olaraq ayrı-ayrı adamları işə düzəltmək adı ilə aldadıb. Həmin adamlardan guya cəmiyyətin depozit hesabına pul keçirmək adı ilə müxtəlif məbləğlərdə pullar alıb. Onlara ötən ilin noyabr ayınadək müxtəlif məbləğlərdə əmək haqlarını qismən ödəyib. Sonradan isə “yoxa çıxıb”.
Buna görə də Vüqar Hüseynov Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə məsuliyyətə cəlb olunub və barəsində həbs-qətimkan tədbiri seçilib.
Onu da xatırladaq ki, həmin dövrdə bəzi media orqanlarında «Qala»nın Daxili İşlər Nazirliyinin tərkibində fəaliyyət göstərməsi barədə xəbərlər də yayılmışdı.
Mövzuya qayıdacağıq.