Fəzail Ağamalı Prezidentə məktub göndərib

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı Prezident İlham Əliyevə məktub yazıb.

Gununsesi.info Prezidentin Rəsmi saytında dərc olunan həmin məktubu təqdim edir:

HTML tutorial

Möhtərəm cənab Prezident.

Doğum günümün 75 illiyi ilə bağlı ölkəmizin ali mükafatlarından olan 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenlə təltif etməyinizi mənə, rəhbərlik etdiyim Ana Vətən Partiyasına göstərdiyiniz müstəsna diqqət və qayğının növbəti ifadəsi və Sizin rəhbərliyiniz altında Vətənimiz Azərbaycana, sonsuz sevgi bəslədiyiniz xalqımıza, formalaşdırdığınız güclü dövlətimizə kiçik vətəndaş xidmətinə verdiyiniz böyük qiymət kimi dəyərləndirir və Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Çox xoşbəxtəm ki, Uca Tanrı mənim taleyimi və fəaliyyətimi zamanında ulu öndərimiz Heydər Əliyevlə və Sizinlə bağlamış, xalqa böyük sevgi və təmənnasız xidmət göstərmək nümunəsini mərhum atanızdan, Sizdən örnək götürərək, onu həyatımın amalına çevirmiş və bu amalla qürur duymuşam. Ölkəmizin və dövlətimizin çətin anlarında Ulu Öndərimizin memarı və qurucusu olduğu müasir Azərbaycan dövlətçiliyinin təsadüfü əllərə keçməməsi üçün xalqımızın mütləq əksəriyyətinin dəstəyi ilə olduqca çətin, ağır, lakin şərəfli missiyanı üzərinizə götürməyiniz və atdığınız uzaqgörən, müdrik, cəsarətli addımlarınız həyatımın ən sevincli və unudulmaz hadisəsi kimi, bu gün də fəaliyyətimi stimullaşdırmaqdadır.

Möhtərəm cənab Prezident, qalib sərkərdə kimi, çoxminlik tariximizə qürurverici səhifələr yazan erməni faşistləri üzərində müəllifi olduğunuz 44 günlük möhtəşəm qələbə Sizi müzəffər və məğlubedilməz sərkərdə, mahir və uzaqgörən diplomat, qətiyyətli, polad iradəli siyasi və dövlət xadimi kimi ölkəmizin tarixində və millətimizin yaddaşında əbədiləşdirdi, Sizi dünya miqyaslı lider səviyyəsinə ucaltdı.

İyirmi beş ildən çox dünya şöhrətli Prezidentimlə birgə olmaqdan, onun müdrik və Azərbaycanımızı böyük uğurlara aparan siyasi xəttinin sadiq tərəfdarlarından biri kimi fəaliyyət göstərməkdən sonsuz fərəh hissi keçirir, Sizinlə fəxr edir, qürur duyuram.

Xoş duyğular içərisində Sizinlə tanış olduğum andan bu günə qədər mənə göstərdiyiniz əvəzolunmaz diqqətə və qayğıya görə bir daha öz adımdan, çoxminlik Ana Vətən Partiyasının üzvləri və ailəm adından dərin və sonsuz minnətdarlığımı bildirirəm. Bundan sonra da, qalan ömrümü, bütün varlığımla Sizin rəhbərliyiniz altında Vətənimizə, müstəqil dövlətimizə və xalqımıza sədaqətlə xidmət etməyi özümə şərəf bilirəm. Başladığınız və uğurla apardığınız müqəddəs yolunuz açıq, atdığınız qədəmlər mübarək olsun.

Uca Tanrı Sizi və ailənizi qorusun. Amin.

Dərin hörmət və ehtiramla,

Fəzail Ağamalı

Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı

Azərbaycan Respublikası, Bakı şəhəri.