Fəzail Ağamalı yaddaşımızda necə qaldı?

  • By admin
  • 11 Fevral 2026 14:12

Dünyadan köçən Fəzail Ağamalı yaddaşımızda necə qaldı?

Onu 70-ci illərdən tanıyırdım,yaxın münasibətlərimiz vardı.  Əbülfəz Elçibəy bizi tanış etmişdi.Tələbəlik illərindən Əbülfəz müəllimlə çox yaxın münasibətləri vardı.Əbülfəz müəllimin yaratdığı Beşlik gizli tələbə qruplarının birində iştirakı zamanı buraxdığı ciddi səhv Əbülfəz müəllimin DTK tərəfindən ciddi şəkildə təqib olunmasına səbəb oldu.

1974-cü ildə Əbülfəz müəllimə qarşı DTK-nın başlatdığı cinayət istintaqında onun əleyhinə ilk ifadə verənlərdən biri olmuşdu.Lakin baş müstəntiq Səlimzadədən xahiş etmişdi ki, ifadəsi məhkəmədə oxunmasın.Özü də Bəyin məhkəməsində iştirak etmədi.Vaxtilə Fəzail Ağamalının kuratoru olmuş DTK polkovniki Eldəniz Əliyev onun DTK-a ilə əməkdaşlığı və istintaqa verdiyi ifadəsini təhrif etmə cəhdinə öz müsahibəsində kəskin münasibət bildirmişdi.
Naxçıvan Pedaqoji İnstitutunda müəllim işləyərkən Naxçıvan Vilayət Partiya Komitəsinin şöbə müdiri vəzifəsinə təyin olunması üçün sənədləri Mərkəzi Komitəyə göndərilmişdi. Ümid edirdi ki, Əbülfəz Elçibəyə qarşı DTK-ya ifadə verməklə hakimiyyətə öz sədaqətini sübut edib.Lakin MK-dan rədd cavabı gəldi.80-ci illərdə Heydər Əliyevə münasibəti çox mənfi idi.Naxçıvanda müəllimlik fəaliyyəti uzun sürmədi ordan Gəncəyə,sonra Bakıya köçdü.1988-ci ildə Elçibəy “Varlıq” cəmiyyətini yaradanda onu da təşkilata üzv qəbul etdi.Təşkilatın bir neçə iclası onun evində keçiriıldi.Milli Azadlıq Hərəkatına cənfəşanlıq göstərərək aktiv şəkildə qoşuldu.Azərbaycan Xalq Cəbhəsinin təsis konfransında iştirak etdi,Nəzarət təftiş komissiyasına üzv seçildi.Elçibəy hakimiyyəti dövründə ona yüksək etimad göstərildi, prezidentin sərəncamı ilə Əmək və Sosial Müdafiə nazirinin müavini vəzifəsinə təyin olundu.Respublikada Surət Hüseynov hadisələri başlayan dövrdə tələsik Naxçıvana Heydər Əliyevin görüşünə getdi,ona biyət elədi və özünün dediyi kimi ona Respublikanı bu fəlakətli vəziyyətdən yalnız onun xilas edə biləcəyini söylədi.
Elçibəy Kələkiyə getdikdən sonra prezident səlahiyyərlərini Heydər Əliyev öz üzərinə götürdükdə bir çoxumuz etiraz əlaməti olaraq vəzifələrimizi dondurduq.

Mən Fəzailə zəng edib onu da öz vəzifəsini dondurmağa dəvət etdim, cavabı bu oldu ki, “şəxslərə deyil dövlətə xidmət etmək lazımdır”. Lakin dövlətə xidməti uzun sürmədi Baş Nazir Surət Hüseynov onu Respublika Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin icraçısı vəzifəsindən nümayişkəranə surətdə azad etdi və Surətin adamları Heydər Əliyevin gözü qarşısında onu Milli Məclisin zalından sürüyərək bayıra çıxardılar.

Rəhmətlik Heydər Əliyev Fəzaili müdafiə üçün heç bir təşəbbüs göstərmədi.Heydər Əliyevin qəribə xasiyyəti vardı satqınlardan həvəslə istifadə edirdi,ancaq onları heç sevmirdi. Düzdür, sonralar Fəzail Ağamalı göstərdiyi xidmətə görə uzun illər ərzində YAP-ın yandaş partiyası rolunu oynayan “Ana Vətən Partiyası”nın sədri kimi Milli Məclisə deputat təyin edildi.
Fəzail 1995-ci ildə Kələkiyə Elçibəylə görüşə getdi. Fəzail etdiyi nankorluqlara görə Elçibəyin onu görən gözü olmadığını bildiyindən oğlu Elçini özü ilə aparmışdı. Kələkidə iki gün gözləsə də Elçibəy Fəzaili qəbul etmədi. Fəzail Almurad ağadan xahiş etdi ki, Elçibəyin onu qəbul etməsinə köməklik göstərsin.Almurad ağanın xahişinə cavab olaraq Elçibəy Fəzaili ancaq hələ uşaqlıq dövründən tanıdığı oğlu Elçinə görə qəbul etməyə razılıq verdi. Söhbətləri çox gərgin və qeyri səmimi şəraidtə keçdi.

Fəzail Elçibəyə prezident səlahiyyətlərindən rəsmən imtina edib Bakıya geri dönməsini təklif etməsi Bəyi çox qəzəbləndirmişdi. Fəzaildən əvvəl bu məsələ ilə əlaqədar Bakıdan daha səlahiyyətli və mötəbər adamlar təkliflə Elçibəyin yanına gəlsələr də nəticəsiz geri dönmüşdülər.Fəzail bu missiyası ilə Heydər Əliyevə daha çox yaranmaq məqsədi güdürdü.
Fəzail Ağamalı bir çox müsahibələrində öz müəllimi,lideri və prezidenti Elçibəyin şəxsinə və vaxtilə özünün də təmsil olunduğu hakimiyyətinə qarşı olduqca tənqidi və böhtan xarakterli fikirlər səsləndirmişdir.
Fəzail Ağamalının öz müəllimi və lideri Elçibəyə qarşı nankor münasibətinin kulminasiyasını 2000-ci ilin mayında ANS televiziyasında Mir Şahinin Elçibəylə təşkil edir,həmin debat zamanı artıq Elçibəy xəstə idi və Ankaradan ilk müalicəsindən yeni gəlmişdi.Həmin debatda Fəzail Elçibəyə qarşı çox sayqısız və olduqca kobud münasibət göstərdi.
Yaxın silahdaşlarının, dost hesab edərək güvəndiyi insanların nankorluğu bunu biruzə verməsə də Elçibəyə mənəvi əzab verirdi.
Fəzail Ağamalı son zamanlar özünün ailə partiyası olan Ana Vətən partiyası daxilində oğlu və qızı arasında baş verən qalmaqal nəticəsində stresə məruz qalaraq ciddi mənəvi zərbələr aldı.
Fəzail Ağamalının Milli Azadlıq Hərəkatındakı aktiv fəaliyyətini bir silahdaş kimi çox təqdir edir və onu bu cəfakeşliyinə görə xoş cəhətdən xatırlayırıq.

Lakin Fəzail Ağamalı bu dünyadakı həyatında uzun illər ərzində çox yaxın və səmimi münasibətdə olduğu özünə müəllim və böyük qardaş hesab etdiyi Əbülfəz Elçibəyə münasibətdə dostluq və sadiqlik imtahanından keçə bilmədi,sinifdə qaldı. Onun bu dünyadakı həyatını dəyərləndirməyi o dünyada Tanrının ədalətinə tapşırırıq,haqqını o versin.özü bilən məsləhətdir.
Əzizlərinə dərin hüznlə baş sağlığı veririk.

 

P.S. Yazı Ələsgər Siyablının facebook səhifəsindən götürülüb.

Gununsesi.info