“Fənərbağça” və “Lion”un sabiq futbolçusu “Qarabağ” üçün Bakıya gəldi - YENİLƏNİB

“Qarabağ” növbəti transferini reallaşdırır. Fransanın “Dijon” klubunun futbolçusu Yassin Benzya artıq Bakıdadır.

Gununsesi.info xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi bu dəqiqələrdə tibbi baxışdan keçir.

Bir problem çıxmasa, Ağdam təmsilçisi əlcəzairli oyunçu ilə bu gün müqaviləni rəsmiləşdirəcək.

11:14

“Qarabağ” Fransanın “Dijon” klubunun yarımmüdafiəçisi Yassin Benzianı transfer etmək istədiyini təsdiqləyib.

Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə “Report”a açıqlamasında Əlcəzair millisinin sabiq oyunçusu ilə danışıq apardıqlarını bildirib.

Onun sözlərinə görə, 29 yaşlı oyunçu ilə anlaşma ərəfəsindədirlər:

“Transfer etmək istədiyimiz futbolçuların siyahısında Yassin Benzia var. Hazırda onunla danışıqlarımız davam edir. Danışıqların yekununa əsasən Benzia ilə müqavilə imzalanacaq. Anlaşmanın detalları barədə məlumat verə bilməyəcəyəm. Danışıqlar yekunlaşdıqdan sonra bütün detallar müəyyənləşəcək”.

09:16

Fransanın “Dijon” klubunun futbolçusu Yassin Benzia karyerasını Azərbaycanda davam etdirə bilər.

29 yaşlı yarımmüdafiəçi “Qarabağ”la müqavilə imzalamağa çox yaxındır.

Ağdam təmsilçisi əlcəzairli oyunçuya 2,5 illik müqavilə təklif edib. Benzia cari mövsüm komandasının heyətində meydana çıxmayıb.

Qeyd edək ki, Yassin Benzia Fransada “Lion”, “Lill”, Yunanıstanda “Olimpiakos”, Türkiyədə “Fənərbağça” və “Hatayspor” klublarının formasını geyinib. Əlcəzair millisinin sabiq futbolçusu Fransanın aşağı yaş qruplarından ibarət yığmalarında da çıxış edib.

Gununsesi.info