Fərruxda 3 yerdə aparılmış qazıntılarda yenə insan qalıqları tapıldı - Foto+Video

  • By admin
  • 30 Mart 2022 16:41

Fərruxda 3 yerdə aparılmış qazıntılarda yenə insan qalıqları tapıldı

 

Xocalı rayonunun Fərrux kəndi ətrafında daha bir neçə azərbaycanlının meyitlərinin qalıqları tapılıb.

Gununsesi.info  xəbər verir ki, aşkarlanan qalıqların Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi və eyniadlı kənd uğrunda gedən döyüşlərdə şəhid olmuş şəxs və ya şəxslərə aid olduğu bildirilir.

Belə ki, Birinci Qarabağ müharibəsi zamanı qətlə yetirilmiş azərbaycanlıların qalıqları ayrı-ayrılıqda 3 yerdə aparılmış qazıntılar zamanı aşkarlanıb.

Fərrux kəndində tapılan insan qalıqları birinci Qarabağ müharibəsində ermənilərin törətdiyi cinayətlərin bariz nümunəsidir.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsi itkin düşən, ermənilər tərəfindən əsir götürülən minlərlə azərbaycanlının taleyindən xəbər yoxdur. İşğaldan azad edilən Ağdam, Füzuli, Xocavənd və Şuşa şəhərinin ətraflarında da Birinci Qarabağ müharibəsində qalan xeyli sayda kütləvi məzarlıqlar aşkarlanıb. Kütləvi məzarlıqlar ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı siyasətinin bariz nümunəsidir.

Prezident İlham Əliyev keçirdiyi hər bir beynəlxalq görüşdə, iştirak etdiyi konfranslarda, danışıqlarda bu kimi məsələlərə xüsusi diqqət ayırır. Fevralın 23-də ölkə başçısı TASS agentliyində Rusiyanın aparıcı KİV-lərinin rəhbərləri ilə görüşdə də kütləvi məzarlıqlar məsələsini bir daha gündəmə gətirib: “Birinci Qarabağ müharibəsi dövründən 3890 azərbaycanlı, o cümlədən təqribən 200 uşaq indiyədək itkin düşmüş hesab edilir. Biz erməni tərəfinə kütləvi məzarlıqların yerini göstərmələri barədə müraciət etmişik, lakin hələ cavab yoxdur. Mən bilmirəm niyə. Yəqin onlar başa düşürlər ki, orada, sadəcə, hərbi cinayətlərin sübutları olacaq. Lakin bununla belə biz tələb edirik və yeri gəlmişkən, Avropa İttifaqı da bu məsələ ilə bağlı fikrini bildirib ki, kütləvi məzarlıqların yeri bizə təqdim edilsin. Çünki ehtimal çox böyükdür ki, hər şey Qarabağdadır, bizim işğaldan azad etdiyimiz ərazilərdədir”.

 






Gununsesi.info