Facebook canlı yayımda qətl hallarıyla mübarizə yolunu tapıb - BU MƏQSƏDLƏ 3 MİN NƏFƏR İŞƏ GÖTÜRÜLƏCƏK

  • By admin
  • 04 May 2017 14:01

FACEBOOK

Facebook sosial şəbəkəsi aqressiv paylaşımlarla və zorakılıq səhnələrinin yayımıyla mübaizə aparmaq üçün əlavə 3 min insanı işə götürəcək, bu barədə sosial şəbəkənin yaradıcısı Mark Zuckerberg bildirib.

Gununsesi.info-nun BBC-yə istinadən verdiyi məlumata görə, Zuckerberg Facebookda canlı yayım zamanı özünə və digərlərinə ziyan vuran insanları seyr etməyin “ürəkyandıran” olduğunu qeyd edib.

O, həmçinin əməkdaşların hadisəyə vaxtında reaksiya verməsi və lazım gəldiyində hüquq-mühafizə orqanlarına müraciət etməsi üçün sosial şəbəkənin şikayət mexanizminin sadələşdiriləcəyini qeyd edib.

“Ötən həftə biz canlı yayımda kiminsə intihar edəcəyi barədə məlumat aldıq. Dərhal hüquq-mühafizə orqanları ilə əlaqə saxladıq və intiharın qarşısı alındı “, deyə Zuckerberg yazıb.

Şirkətin bu addımı atmasına səbəb canlı yayımda intihar və qətl hadisələrinin baş verməsi hallarıdır. Qeyd edək ki, ötən ay Facebookda bir kişi canlı yayımda qətlə yetirilib. Taylandda isə bir kişi kiçik qızını və daha sonra özünü necə öldürdüyünü canlı yayımlamışdı.

Gununsesi.info