“Facebook”da Azərbaycan bayrağı ilə bağlı neqativ hala RƏSMİ MÜNASİBƏT - FOTO

  • By admin
  • 04 Mart 2023 21:21

Bir müddət əvvəl gənclər və idman nazirinin müavini Mariana Vasileva “Facebook” sosial şəbəkə hesabında etdiyi “Good luck too our artistic gymnasts at the World Cups in Cottbus and Doha🇦🇿” paylaşımının avtomatik tərcüməsi zamanı Azərbaycan bayrağına qarşı neqativ hal yaşanıb.

Gununsesi.info xəbər verir ki, “Facebook” sosial şəbəkəsində ingilis dilində yazılmış və sonuna Azərbaycan bayrağı emojisi əlavə edilmiş paylaşımı sosial şəbəkənin təqdim etdiyi tərcümə funksiyası ilə rus dilinə tərcümə etdikdə bayrağımız Ermənistan bayrağı kimi təqdim edilir.

Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə sorğu ünvanladıq.

Elektron Təhlükəsizlik Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Facebook” sosial şəbəkəsində paylaşımlarda Azərbaycan bayrağı ilə əlaqədar yaranmış neqativ halın aradan qaldırılması məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti sosial şəbəkənin inzibatçısı “Meta Platforms, Inc.” şirkətinə son 1 ayda 2 dəfə müraciət ünvanlayıb:

“Sonuncu müraciətdə məsələnin ciddiliyi və sosial şəbəkənin Azərbaycan seqmentinin istifadəçilərinin məsələ ilə əlaqədar narahatlığı vurğulanaraq, yaranmış neqativ halın qısa müddətdə aradan qaldırılması xahiş olunub.

Şirkət tərəfindən bildirilib ki, məsələ ilə əlaqədar araşdırma aparılır və qısa zamanda araşdırmanın nəticələri barədə məlumat təqdim ediləcək”.