Tez-tez gündəmə gələn rus dili, rusdillilər və ya rus sektoru mövzusu yenə də Azərbaycanda sosial media istifadəçiləri arasında müzakirə edilir.
Gununsesi.org bildirir ki, bu dəfə də müzakirənin qığılcımını alovlandıran Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, jurnalist Azər Həsrətin 5000-dən çox izləyicisi olan ictimai profilində paylaşdığı fikirlər olub.
O iddia edib ki, Bakıda “klublarda-əyləncə məkanlarında daha çox gözə dəyən uşaqlar bir qayda olaraq rus məktəblərində oxuyanlardır…. Digər tərəfdən, içməyə və çəkməyə meylli olan da daha çox rus məktəblərinin şagirdləridir”.
Yüzlərcə şərh, 200-ə yaxın paylaşıma səbəb olan bu posta gələn şərhlərin əksəriyyəti tənqididir.
Onlar arasında Azərbaycanın məşhur müğənnisi, xalq artisti Faiq Ağayev də var.
Gununsesi.org xəbər verir ki, xalq artisti bu qeydləri “üzqaraldan” adlandırıb və həm də deputat olan Mətbuat Şurasının sədri Əflatun Amaşovdan şərh istəyib: “Adam nə qədər primitivçiliyin dibinə düşübsə, çabalamağını “mücadilə” hesab edir. Sayqıdəyər Aflatun Amashov, yalançı vətənpərvərlik nümunəsi olan bu ziyanlı yazını, hərcmərlik, süni ayrıseçkilik, cəmiyyətimizdə aqressiv qarşıdurmaya səbəb ola biləcək bu təhlükəli böhtanı söyləyən şəxs – Azər Həsrət – iddia etdiyi kimi, başçılıq etdiyiniz Azərbaycan Mətbuat Şurası İdarə Heyyətinin üzvüdür. Siz həm də Azərbaycan Respublikası Milli Məclisinin deputatısınız. Qeyd etdiyim üzqaraldan bəyanat barədə mövqe bildirməyinizi sizdən rica edirəm.”
Azər Həsrət bildirib ki, bütün bu ittihamlara İctimai TV-nin efirində cavab verməyə çalışacaq.
Gununsesi.org