Falçılıq, yoxsa dələduzluq?

Qanun qadağan etsə də, falçılar onlayn fəaliyyət göstərir, efirlərə çıxır

-Salam, falıma baxdırmaq istəyirəm. Elanda yazılıb ki, magiya ilə məşğulsuz.

HTML tutorial

-Salam, bəli, mən magiya ilə məşğulam.

“İnstagram” sosial şəbəkəsində axtarış bölməsinə falçı, baxıcı, cadugər yazmaq kifayəedir ki, yüzlərlə bu işlə məşğul olanların “iş hesabları” tapılsın.

Falçıların biznes hesablarında müxtəlif kartlarla fala baxma qiymətləri yazılıb. Belə hesabların mesaj bölümünə yazan kimi sizə fal qiymətlərini göndərirlər:

“Tarot kartı 10 manat, rus kartı 15 manat, yevrek kartı 20 manat, qara kart 25 manat. Ən düzgününü demək üçün qara kart ilə baxmalıyam. Sizə telefon nömrəmi verə bilmərəm. Milliön ödəmə aparatına yaxınlaşın, kartın son 8 rəqəmi yerinə 10430159 yazın. Çeki götürməyi unutmayın”, – deyə sosial şəbəkələrin birində ünvanladığımız sualı cavablayan qadın yazıb.

“İstəmirəm kimsə magiyaya inandığımı bilsin”

Falçıların işi yalnız onlayn xidmətlə yekunlaşmır. Evində “pasiyent” qəbul edib, sonra müxtəlif ləvazimatlar üçün mağazalara göndərənlər də var. Məsələn, xırdavat malları satanların əksəriyyəti deyir ki, kiçik ölçülü qıfılları daha çox cadu etdirmək üçün alırlar.

“Belələrini görən kimi tanıyırıq. Başqa kimə 6-7 qıfıl lazım olar ki?” – deyə satıcılardan biri Meydan TV-yə deyib.

Bakının mərkəzi küçələrindən birində isə “yəhudilərin dini mağazası” kimi tanınan dükan var. Burada müxtəlif formalarda şam, heyvan dəriləri və saplar satılır. Şəhərin mərkəzi küçələrində yerləşən bu kiçik mağazanın stendində heykələ bənzəyən insan kəlləsi, ilan, qucaqlaşan oğlan ilə qız şəklində şamlar var. Satıcı isə təsadüfən mağazaya girən müştərilərin təəccübünü azaltmaq üçün uzun-uzun söhbətlər edir, müştərilərə onların qara magiya ilə məşğul olmadığını izah edir.

“Mağazamız 10 ildən çoxdur ki, fəaliyyət göstərir. Pandemiya dövründə hamının işi pis getsə də, bizim onlayn alverimiz çox oldu. İnsanlar şam yandıraraq, dua oxunmuş ətirlərdən istifadə edərək ruzilərini, sevgini artırmaq istəyirlər. Burda pis nə var ki? Deməli, bizdə bir şam var, qiyməti 65 manatdır. Üstündə dollar şəkli var. O şamı bizim dediyimiz qaydada yandırsanız, ruziniz bol olacaq. Magiya ilə məşğul olanlara hər gün ən azı 10 ədəd bu şamlardan satırıq. Satışda olan malların qiyməti 50 qəpikdən 3 min manata kimi dəyişir. Kimə nə lazımdır onu alıb gedir”, – deyə satıcı Meydan TV əməkdaşının suallarını cavablandırır.

Mağazadan çıxan Sona Məmmədova adlı qadın isə buraya ikinci dəfə gəldiyini, hər dəfəsində ən azı 100 manatlıq alış-veriş etdiyini deyir. O, sevdiyi oğlanın onunla evlənməsini arzulayır:

“Əgər üçüncü dəfə alacağım şamlardan sonra evlilik təklifi almasam, bir daha magiyaya inanmayacağam. Ölkədə hamı belə şeylərə inananlara pis baxır. Əslində isə hamı inanır. Əgər evlilik təklifi almasam, polisə şikayət etməyəcəm. Çünki istəmirəm kimsə magiyaya inandığımı bilsin”.

Satıcı

Satıcı

Source: Meydan Tv

Falçılıq və cadugərlik fəaliyyəti qanunla leqaldır?

Falçılar sosial şəbəkələrdə açıq profillər ilə öz reklamlarını aparır, televiziya verilişlərinə ekspert olaraq çağırılırlar. Ekstrasenslərin proqnozlarının yer aldığı verilişlər çoxdur. Digər tərəfdən, falçılıq fəaliyyəti ilə məşğul olanlar dələduzluq maddəsi ilə həbs edilir.

Hüquqşünas Xalid Bağırov deyir ki, falçılıq və cadugərlik fəaliyyəti Azərbaycan qanunlarına görə dələduzluq sayılır və cinayət məsuliyyəti yaradır:

“Əgər şəxs fala baxmaq müqabilində pul alırsa, bu, dələduzluqdur və cinayət məsuliyyəti yaradır. Dələduzluq Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə tənzimlənir. Falçılıq adı ilə başqasının pulunu mənimsəyən şəxsin cəzası mənimsədiyi pulun miqdarına görə dəyişir. Zərər 5000 manata qədərdirsə, bu, adi dələduzluq, 5 min manatdan yuxarı olanda “xeyli miqdarda dələduzluq”, 50 min manatdan yuxarı olduqda “külli miqdarda dələduzluq” sayılır”.

Dələduzluq xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Əgər şəxsə kiçik pul məbləğində zərər vurulursa, Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən min manatdan iki min manatadək miqdarda cərimə tətbiq edilir. Həmin maddəyə görə, şəxs üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri ilə cəzalandırılır. Sözügedən maddə ilə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması da nəzərdə tutulur”.

“Mediada falçılıq fəaliyyətinin işıqlandırılması, televiziya verilişlərinin yayımlanması şou xarakterli olduğundan heç bir inzibati və ya cinayət məsuliyyəti yaratmır”, – deyə o əlavə edib.

Media hüququ üzrə ekspert Ələsgər Məmmədli də mediada falçıların ekspert olaraq çıxış etməsinin jurnalistka prinsiplərinə uyğun olmadığını bildirib:

“Jurnalist peşəkar ekspertdən rəy almalıdır. Cəmiyyətə təqdim etdikləri şəxsin nə qədər ekspert olub-olmadığını doğru qiymətləndirməlidir. Lakin bununla bağlı heç bir qanuni kriteriya yoxdur. Əgər jurnalistin ekspert olaraq təqdim etdiyi şəxsin dedikləri izləyiciyə birbaşa zərər vuracaq məqam yaradarsa, bu zaman ortaya hüquqi məsuliyyət də çıxar”.

Daxili İşlər Nazirliyi (DİN) insanları aldatma fəaliyyəti ilə məşğul olan falşılara qarşı nə kimi təbdir görür?

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev deyir ki, bu kimi məsələlər sadəcə şikayət olduğu təqdirdə araşdırılır:

“Dələduzluq faktı o vaxt qeydə alınır ki, zərərçəkmiş olsun. Əgər zərərşəkmiş 500 manata kimi zərər görərsə, bu zaman həmin falçı cinayət məsuliyyətinə yox, inzibati məsuliyyətə cəlb olunur”. Şikayət olunmadığı təqdirdə hər hansısa araşdırma edilmir”.

Falçıların televiziya verilişlərinə dəvət edilməsi onların reklamı hesab edilə bilər?

Marketinq üzrə mütəxəssis Müşfiq İsgəndərov bəzən magiyaçıların da reklam paketlərindən istifadə edərək efirə çıxdığını söyləyir:

“PR kommunikasiya vasitəsi kimi reklam spotlarında yer alır. PR ilə məşğul olan şirkətlər müştəriləri üçün reklam paketləri hazırlayır. 1 ayda 5 dəfə və ya 10 dəfə efirə qonaq gəlmək reklam paketlərinə aiddir. Amma efirə dəvət olunan şəxsin qonaq qismində iştirak etməsi ekspert olması mənasına gəlmir. Bu zaman necə ki zalda oturanlar fikrini bildirə bilər, eləcə də qonaqlar mövzu ilə bağlı fikirlərini tamaşaçıya deyə bilər. Gələn qonaq əgər falçıdırsa, onu mütəxəssis kimi təqdim etmək həmin medianın qüsurudur. Çünki belə olarsa, izləyici falçının təsiri altına düşə bilər. Televiziyada mütəxəssis kimi təqdim olunan falçını etalon kimi qəbul edən yeniyetmənin düşüncələri doğru formalaşmaya bilər. Təqdimatın bu şəkildə olmağı piar sayılır. Bu gizli reklamdırmı? Dəqiq cavab vermək olmasa da, bəzən təəssüf ki, belə ola bilir”.

Gununsesi.info