Faşizm üzərində qələbədə Bakı neftinin rolu - RƏY

  • By admin
  • 09 May 2022 13:24

“Azərbaycan SSR hökuməti Bakının havadan bombardman edilməsi və ya işğal ediləcəyi təqdirdə mədənlərin ləğvi və bərpa işləri ilə bağlı qabaqcadan tədbirlər hazırlanıb. Bu tədbirlərin həyata keçirilməsi üçün Mərkəzi Komissiya yaradılıb, hər bir mədəndə operativ qərargahlar, sex və sahələrdə isə obyekt komissiyaları təşkil edilib. Operativ ləğvetmə qrupları və obyekt komissiyaları quyuların və texnoloji qurğuların sıradan çıxarılması tədbirlərini diqqətlə hazırlayıblar. Quyuların ayrı-ayrı kateqoriyalarının sıradan çıxarılması üçün ciddi növbə müəyyən edilib. Xüsusən zəngin olan yataqları ən son məqamda sıradan çıxarmaq planlaşdırılırdı ki, onlardan axıradək neft hasil etmək mümkün olsun. 1942-ci ilin yayında və payızında cəbhədə çox ağır vəziyyət yaranmışdı. Almanlar Volqaya yaxınlaşaraq, Bakıdan cəbhəyə və sənaye mərkəzlərinə neft və neft məhsullarının daşındığı əsas dəmiryolu magistrallarını və birbaşa su yollarını kəsiblər. Bakı-Batumi neft kəməri sökülüb”. 

Gununsesi.info xəbər verir ki, bunu açıqlamasında AMEA A.A. Bakıxanov adınaTarix İnstitutunun elmi işlər üzrə direktor müavini, t.ü.f.d., dosent Cəbi Bəhramov deyib.

Onun sözlərinə görə, Krasnovodsk limanı isə böyük həcmdə neft məhsullarının, avadanlığın, yüklərin, habelə adamların qəbulu üçün zəif hazırlanıb: “Almanlar Bakı neftinə can atırdılar və onlar Qafqazın astanasında idilər. Ölkənin neft bazası olan Bakı ağır vəziyyətdə idi. Hasil olunan nefti göndərməyə yer yox idi. Bütün metal çənlər və yeraltı anbarlar ağzınadək dolu idi. Yeni quyuların qazılmasını dayandırmaq, işləyən quyuları konservləşdirmək lazım gəlirdi. Ölkəyə isə getdikcə daha çox neft lazım idi. Neftsiz nə döyüşmək, nə də qələbə çalmaq mümkün idi. Belə bir şəraitdə vəziyyətdən çıxmaq üçün qərara alınıb ki, neft hasil edilsin və boru kəməri ilə Qara şəhərdəki neftayırma zavodlarına ötürülsün, orada neftdən yalnız benzin götürülərək qalıqları yenidən qaytarılsın və laylara vurulsun. Bu təklif əfsanəyə bənzəsə də, onu müdafiə edənlər tapıldı. Bu məqsədlə xüsusi quyu ayrılmış və onun vasitəsilə birbaşa neft layında saxlanmaq üçün ona yarım milyon ton benzinsiz neft vurulub. Qeyd etmək lazımdır ki, müharibədən sonra bu nefti yenidən təkrarən hasil etdilər. Bakıda isə təxliyəyə hazırlıq işlərinə başlanıb. 1942-ci ilin payızına qədər 764 quyu basdırılaraq ləğv olunmağa hazırlanmışdı və qazma avadanlığının 81 dəsti işçilərlə birgə Türkmənistana göndərilib. Bakıdakı bir çox neft-maşınqayırma zavodları da ölkənin şərqinə köçürülüb. Qalan müəssisələr isə hərbi sursat istehsal edirdi. 1943-cü ilədək Azərbaycan neft sənayesi yeni avadanlıq almadan işləyirdi. 1942-ci ilin oktyabrında Dövlət Müdafiə Komitəsinin qərarı ilə neft üzrə təxminən 11 min mütəxəssis və böyük miqdarda neft avadanlığı Bakıdan Tatarıstan, Başqırdıstan və Rusiyanın digər regionlarına göndərilib və orada Bakı neftçilərinin və gətirilmiş avadanlığın köməyi ilə neft hasilatına başlanıb. 1941-ci illə müqayisədə 1942-ci ildə neft sənayesinə kapital qoyuluşunun həcmi 5 dəfə, 1943-cü ildə isə 9 dəfə azalıb. Amma Bakı, köhnə quyuları bərpa və istismar edərək, heç bir çətinliyə baxmayaraq cəbhə bölgəsini neft və neft məhsulları ilə təmin edirdi. Neftçilər başlanmış müharibənin həm də neft uğrunda müharibə olduğunu aydın dərk edirdilər. Mexanikləşdirilmiş ordunun neft məhsullarına – benzinə, mazuta, yağlara və digər yanacaq növlərinə tələbatı onların üzərinə böyük məsuliyyət qoyurdu. Ölkənin başlıca yanacaq mənbəyi olan neft Bakısı cəbhə qaydaları ilə işləməyə başlanıb. Ağır sosial-iqtisadi şəraitdə, quyuların işləməsi üçün lazımi avadanlığın çatışmazlığı bir vəziyyətdə neftçilər çətinlikləri aradan qaldıraraq plan və öhdəliklərin yerinə yetirilməsini təmin edirdilər. SSRİ Ali Soveti Rəyasət Heyətinin 1942-ci il 6 fevral tarixli fərmanı ilə 500 neftçi SSRİ-nin orden və medalları ilə təltif olunmuş, onlardan 41 nəfəri Lenin ordeninə layiq görülüb. Elə həmin fərman ilə neft hasilatı üzrə hökumət tapşırıqlarını nümunəvi yerinə yetirdiklərinə görə “Lenin-neft” trestinin 11-ci mədəni və “Bibiheybət-neft” trestinin 4-cü mədəni Lenin ordeni ilə təltif edilib, “Lökbatan-neft” trestinin 4-cü mədəni “Qırmızı Əmək Bayrağı” ordeninə layiq görülmüşdü. Lakin neft hasilatında əldə edilmiş səviyyə artıq 1942-ci ildə aşağı düşüb. Bunun əsas səbəbi aşağıdakılar idi: bir çox neftçi-mütəxəssislərin cəbhəyə səfərbər edilməsi, qazma işlərinin məhdudlaşdırılması, neft-maşınqayırma zavodlarının müdafiə məhsulları buraxılışına keçirilməsi və onlardan bəzilərinin ölkənin şərq rayonlarına köçürülməsi, başqa şəhərlərdən göndərilən materialların həcminin kəskin şəkildə azalması, boruların bütün növlərinin, xüsusən də dövrləmə borularının, taxta-şalbanın, kompressorlar, traktorlar və avtomaşınlar üçün ehtiyat hissələrinin göndərilməsinin, demək olar, tamamilə dayandırılması (burada qeyd etmək yerinə düşər ki, “Azərneftkombinat” orduya 161 traktor, 1155 avtomaşın, 604 at vermişdi.) Bundan başqa, neft hasilatının aşağı düşməsinin mühüm səbəblərindən biri də yeni quyuların qazılmasının dayandırılması və istismar fondunun kəskin şəkildə azalması idi. Müharibə neft sənayesinə, o cümlədən Azərbaycanın neft sənayesinə əsaslı vəsait qoyuluşunu çətinləşdirmiş və onun həcminin azalmasına səbəb olmuşdu. Amma yaranmış çətinliklərə baxmayaraq, Bakının neft trestləri, mədənləri, emal zavodları onların qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsini təmin etmək üçün istehsalın yenidən qurulması sahəsində böyük iş aparır və problemlərin aradan qaldırılması yollarını axtarırdılar. Yerin təkindəki neftin düzgün texnoloji istismar rejiminin müəyyən edilməsi sahəsində tədqiqatlar neft hasilatının artırılmasının mühüm şərti olub. Azərbaycan neftçiləri quyu fondları üzərində səylə çalışaraq, onların texnoloji rejimini yaxşılaşdıraraq mühüm nəticələr əldə edirdilər. Onlarla neftçi yüksək əmək məhsuldarlığı nümunəsi göstərirdi. Müharibə şəraiti neftçilərdən avadanlığa qayğı ilə yanaşmağı, texnikanın bütün imkanlarından tam istifadə etməyi tələb edirddi. Fəhlələrin, mühəndislərin və texniklərin yaradıcı təfəkkürü neft hasilatının daha da yüksəlişi yollarının axtarışına istiqamətlənmişdi. Quyuların fəaliyyətini təmin etmək üçün müntəzəm tədbirlər, onların debitinin yüksəldilməsi, hər şeydə ciddi qənaət hər bir neftçi, üçün qanuna çevrilmişdi. Alman qoşunları Volqa çayı sahillərinə çıxdıqları üçün dünya təcrübəsində ilk dəfə neftlə dolu dəmir yolu çənləri üzdürülməklə Bakıdan Krasnovodsk limanına (indiki Türkmənbaşı) çatdırılır, oradan isə dəmir yolu ilə Orta Asiyadan keçərək yenidən Rusiya ərazisinə qaytarılırdı. Azərbaycan neftçiləri Dövlət Müdafiə Komitəsinin qərarlarını həyata keçirərək yeni uğurlar qazanıblar. Təkcə bunu demək kifayətdir ki, 1942-ci ildə bütün ölkədə hasil olunmuş 21900 min ton neftin 15719,5 min tonunu (72%-ni) Bakı neftçiləri istehsal ediblər. Bu, həqiqətən neft və qələbə uğrunda Azərbaycan neftçilərinin qəhrəmanlıq mübarizəsi idi. Bakı neftçiləri döyüşən ordunun, ölkə sənayesinin, kənd təsərrüfatının və nəqliyyatın yağlarla, dizel və aviasiya yanacağı ilə fasiləsiz təchiz edilməsi üçün yeni imkanlar axtarıb tapırdılar. Müharibə illərində ön və arxa cəbhəyə göndərilmiş bütün neft məhsullarının 75,2 %-i Azərbaycanın neft sənayesinin payına düşüb. Yaranmış hərbi şəraitdə hökumət ölkənin şərqində neft sənayesinin intensiv inkişafına xüsusi əhəmiyyət verərək, son dərəcə qısa bir müddətdə “İkinci Bakı” adı verilmiş rayonlarda – Başqırdıstanda, Kuybışev və Perm vilayətlərində, Orta Asiya və Qazaxıstanda yeni neft mədənləri, neftayırma zavodları yaratmaq, Ukrayna və Qafqaz neft rayonlarının fəaliyyətinin müvəqqəti olaraq dayandırılması üzündən baş vermiş itkilərin yerini doldurmaq qərarını verdi. Yeri gəlmişkən, ölkənin ümumi neft hasilatında şərq rayonlarının rolu hələ müharibədən əvvəl artmağa başlayıb. Hələ o vaxt yeni neft regionlarının inkişafı üçün müəyyən işlər görülüb. Belə ki, hələ 1927-ci ildə, I beşilliyin başlaması ilə ölkənin şərq rayonlarında ehtimal olunan neft yataqlarının istismarına maraq artmışdı. Ural-Volqa hövzəsində karbohidrogenlərin yer səthinə neftin nişanələri şəklində üzə çıxması çoxdan məlum idi. Çar Rusiyasında da Tatarıstan, Başqırdıstan və Samara vilayətlərində neft quyularının qazılmasına cəhdlər olub, lakin nəticəsiz qalmışdı, ilk sənaye nefti burada 1929-cu ildə Yuxarı Çusovka adlanan yerdə neft quyusu qazarkən təsadüfən alınıb. Lakin rayonda aparılan sonrakı qazma işləri göstərdi ki, neft bolluğu baxımından bu yerlər perspektivli deyillər. 1930-cu ildə İ.M. Qubkinin təşəbbüsü ilə Volqa-Ural hövzəsində böyük bir ərazidə geniş neft axtarış-kəşfiyyat işlərinə başlanıldı və rayon “ikinci Bakı” adlandırıldı. SSRİ-nin əsas neft rayonlarının, xüsusən Bakı neft rayonunun inkişafına zərərli təsirinə baxmayaraq, “İkinci Bakı”nın neft rayonuna çevrilməsi üçün buraya çox böyük həcmdə qüvvə və vəsait yönəldilib. “İkinci Ваkı”nın əsas üstünlüyü yalnız onda idi ki, bu ərazi coğrafi-strateji baxımdan mühüm mövqedə idi, ölkənin bu bölgədə artmaqda olan sənaye potensialının neft məhsulları ilə təminatını yaxşılaşdıra və bütün Uzaq Şərqin bu məhsullara olan tələbatını təmin edə bilərdi. Lakin müharibə ərəfəsində (1940-cı il) burada hasil edilən neft ümumi hasilatın yalnız 6%-ni (1,9 mln ton) təşkil edirdi. Beləliklə, müharibədən əvvəlki dövrdə “İkinci Вакı”nın inkişafına yönəldilmiş bütün səylər gözlənilən nəticəni vermədi, çünki kəşfiyyat işləri dayaz laylarda aparılırdı. Lakin 1942-ci ildə yaranmış vəziyyət bu planları misli görünməmiş sürətlə həyata keçirməyi tələb edirdi”.

C. Bəhramov vurğulayıb ki, Dövlət Müdafiə Komitəsi Bakı neftçilərinə müraciət edərək, xam neft yataqlarının işlənilməsi, neft hasilatının hər vasitə ilə sürətləndirilməsi üçün onları ayaq dəyməmiş perspektivli neft rayonlarına köçməyə çağırıb: “Ölkə Bakı neftçilərinə ən böyük əmək qəhrəmanlığına qadir olan qvardiyaçılar kimi qiymət verir və rəğbət bəsləyirdi. Öz işlərinin şanlı ustaları, neft istehsalının komandirləri, yüksək ixtisaslı mühəndis-texniki işçilər, neft hasilatı və quyuların təmiri üzrə ustalar, öz peşəsinin vurğunu olan adamlar “təkərlər üzərində” idilər. Səfərin bütün xərcləri hökumət tərəfindən maliyyələşdirilirdi. Gedənlər həm də hökumət hesabına isti paltar, ərzaq və pul ilə təmin olunurdular. Bakı limanından sərnişin gəmiləri və tankerlər adamları və avadanlığı öz qoynuna alıb Krasnovodska üz tutur, orada isə onları qatarlar gözləyirdi. Bakıdan Şərqə fasiləsiz olaraq neft avadanlığı, alət və mexanizmlər gedirdi. Bakıdan Krasnokamska tanınmış mütəxəssis Ə. Tağıyevin rəhbərliyi ilə turbin qazması üzrə eksperimental kontor da yola düşmüşdü. Qeyri-adi sərt hava şəraitində bakılılar dərhal maili qazma işlərinə başlayaraq, eyni zamanda turbobur konstruksiyasını və texnoloji prosesi təkmilləşdirmişdilər. Bakı neftçiləri son dərəcə qısa müddətdə “İkinci Bakı” rayonlarında kəşfiyyat, hasilat və emal işlərini hər vasitə ilə sürətləndirməyə başlamışdılar. 1944-1945-ci illərdə Uralda, Tatarıstanda, Başqırdıstanda, Kuybışev (Samara) vilayətlərində və Türkmənistanda fontan vurmuş ilk quyuların kəşf olunub işlənməsində Bakı geoloqlarının, qazmaçılarının və mühəndislərinin fədakar əməyi danılmaz idi. 1941-1945-ci illər müharibəsi dövründə Azərbaycanın neft sənayesi əməkçiləri mühüm rol oynayırdılar. Onlar sovet qoşunlarının alman-faşist işğalçıları üzərində qələbəsinə həqiqətən əvəzsiz töhfə vermişdilər. Onlar mədənlərdə və neft emalı zavodlarında gecə-gündüz, bəzən də bir neçə gün dalbadal növbə çəkirdilər, lakin “mühərriklərin qam” olan Bakı yanacağı döyüşən orduya fasiləsiz göndərilirdi. 1943-cü ilin axırında Bakı ətrafında təhlükə sovuşan zaman Bakı neft sənayesinin bərpası başlandı. Cəbhə xətti getdikcə Bakıdan uzaqlaşırdı. Artıq 1942-ci il dekabrın ortalarında Dövlət Müdafiə Komitəsi Bakının neft mədənlərində qazma işlərinin bərpası barədə qərar vermişdi. 1943-cü ilin axırlarından etibarən qazma işləri intensivləşməyə başlamış, neft-kəşfiyyat işləri də bərpa edilmişdi. 1944-cü ilin son aylarında Bakının neftmaşınqayırma zavodları neft sənayesinin ehtiyaclarını, demək olar ki, tamamilə ödəyirdi. İndiki Suraxanı, Binəqədi, Bibiheybət və Qaradağ rayonlarında dörd yeni qazma kontorunun təşkil edilməsi qərara alınmışdı. İlk vaxtlar avadanlığı, demək olar, hissə-hissə əldə edirdilər, sonralar az miqdarda olsa da, ABŞ-dan avadanlıq gətirilmişdi. Lazım olan kadrları veteranlar və təqaüdçülər, habelə cəbhədən qayıdan əlillər sırasından seçirdilər. Qazmaçıları və köməkçiləri isə qadınlar, qızlar və yeniyetmələr əvəz edirdi. Belə bir şəraitdə müharibədən əvvəlki istismar-qazma işinin səviyyəsinin tez bir zamanda bərpa olunmasını gözləmək çətin idi.

Buna görə də, Dövlət Müdafiə Komitəsinin qərarı ilə minlərlə gənc, ordu sıralarına çağırışdan azad edilərək neft sənayesinə göndərilmişdi. Sonralar onların sırasından Sosialist Əməyi Qəhrəmanları Qurban Abbasov, Musa Bayramov, Yusif Fərzəliyev, Məmməd Qəmbərov, Qaraş Əmirov, Məmməd Dünyamalıyev və başqaları kimi məşhur neft, qazma, tikinti və təmir ustaları yetişmişdi. Dövlət Müdafiə Komitəsi həmçinin yüksək ixtisaslı neft mütəxəssislərinin ordu sıralarından vaxtından əvvəl tərxis olunması barədə də qərar qəbul etmişdi. Müalicəsi başa çatmış neftçi əsgərlər qospitaldan birbaşa zərbəçi neft cəbhəsinə göndərilirdilər. Lakin görülən bütün tədbirlərə baxmayaraq, avadanlıq və alətlərin çatışmaması üzündən vəziyyəti yaxşılaşdırmaq mümkün olmurdu. Dörd mindən çox ləğv edilmiş və dayandırılmış quyunu bərpa etmək üçün texnikaya ehtiyac var idi. Bakının neft mədənlərində hasilatın səviyyəsi aşağı düşməkdə idi. Belə bir vəziyyətdə respublika hökuməti kəşfiyyat məqsədilə qazma işlərinin, neft hasilatı və emalının həcminin artırılması uğrunda neftçilərin mübarizəsinə başçılıq edirdi. Maşınqayırma zavodları bütün sutka ərzində işləyərək müxtəlif neft avadanlığı və alətləri – bucurqadlar, rotorlar, nasoslar, baltalar və s. hazırlayırdılar. Göründüyü kimi, müharibənin yaratdığı bütün bu çətinliklərə baxmayaraq Bakı neftçilərinin əsl şücaəti nəticəsində həm cəbhə, həm hərbi sənaye, həm də ölkə iqtisadiyyatı neft və neft məhsulları ilə lazımi qədər təmin olunmuşdu. Azərbaycan neft sənayesi 1941-45-ci illər müharibəsi dövründə İttifaq fonduna 75,2 milyon ton xam neft (bu ittifaqda istehsal olunan neftin 75%-i idi- C.B.) və onun emalından 22 milyon ton müxtəlif çeşidli neft məhsulları vermişdi. Cəsarətlə demək olar ki, Bakı nefti və onu hasil edən şanlı Azərbaycan neftçilərinin fədakar əməyi alman faşizmi üzərində qələbə çalınmasında və dünyanın bu böyük fəlakətdən qurtuluşunda ən mühüm amillərdən biri oldu”.

Gununsesi.info