Avropa Şurası Parlament Assambleyası (AŞPA) yanvarın 24-də Azərbaycanın Avropa Şurasına üzvlüyündən irəli gələn “əsas öhdəlikləri yerinə yetirmədiyi” qənaətinə gələrək, sessiyanın açılışı günü etiraz edilən Azərbaycan nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməmək barədə qərar qəbul edib.
Gununsesi.info bildirir ki, Azərbaycanın azad və ədalətli seçkilər keçirmək qabiliyyəti, hakimiyyət bölgüsü, qanunverici orqanın icra hakimiyyəti qarşısında zəifliyi, məhkəmə hakimiyyətinin müstəqilliyi və insan hüquqlarına hörmətlə bağlı çox ciddi narahatlıqların qalmaqda olduğu qeyd edilib.
AŞPA “Dağlıq Qarabağdakı vəziyyəti” də misal çəkərək, Azərbaycan rəhbərliyinin Laçın dəhlizindən azad və təhlükəsiz keçidin olmamasından irəli gələn “çox ciddi humanitar və insan haqları nəticələrini etiraf etmədiyini” qeyd edib və Assambleyanın Azərbaycanın Qarabağda sentyabr ayında keçirdiyi anti-terror əməliyyatlarının pislədiyini xatırladıb.
AŞPA parlamentariləri Assambleya ilə “əməkdaşlığın olmamasına” dair bir sıra misallar gətiriblər, o cümlədən AŞPA məruzəçilərinə siyasi motivli ittihamlarla saxlanılan şəxslərlə görüşə icazə verilməməsi, Assambleyanın qarşıdan gələn prezident seçkilərini müşahidə etməyə dəvət olunmaması, seçkilər və AŞPA-nın digər məruzəçilərinin ölkəyə səfərlərinin rədd edilməsi və s. qeyd ediblər.
Bundan sonra Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib, nümayəndə heyəti bununla bağlı bəyanat verib.
Bununla bağlı Gununsesi.info-ya açıqlama verən prezidentliyə namizəd, Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, AŞPA-da baş verənlər birbaşa erməni məsələsidir.
Onun sözlərinə görə, siyasi məhbus məsələsi bəhanədir. “Sadəcə, ona görə üçüncü yerdə ayrıca qeyd ediblər ki, onu pərdələsinlər. AŞPA Laçın dəhlizinə müşahidəçilərin buraxılmamasını və keçiriləcək prezident seçkilərinə dəvət olunmamasını irad tutur. Bunların da heç birinin məsələyə aidiyyatı yoxdur. Məsələyə ayrıca “siyasi məhbus məsələsi” adını qoysaydılar, daha anlaşılan olardı. Bilinərdi ki, narahatlıqları bununla və ya demokratiya tələbi ilə bağlıdır. Qeyd etdiyim kimi bunların da heç biri bu məsələyə aid deyil”, – deyə o əlavə edib.
Fazil Mustafa bildirib ki, AŞPA indiyə qədər Ermənistanın Azərbaycan torpağını işğal edilməsi ilə bağlı heç bir qərar çıxarmayıb: “AŞPA-da qərarda əksini tapanlar kiçik bəhanələrdir. Təbii ki, bu da AŞPA-nın arxa planda ABŞ tərəfindən idarə olunduğunu və ordan gələn təlimat əsasında hərəkət etdiyini göstərir”.
O xatırladıb ki, AŞPA hətta Rusiya ilə bağlı heç bir sərt qərarları birbaşa qəbul etmirdi. “Bu, Ermənistana dəstək üçün atılan addımdır. Ermənistana dəstək isə tək Fransa tərəfindən deyil, arxa planda olan dövlətləri tərəfindən də həyata keçirilir”, – deyə o bildirib.
F.Mustafa vurğulayıb ki, AŞPA əslində, marionet quruma çevrilib və onların iradəsi ilə idarə olunur:
“Bir daha qeyd edirəm ki, bu məsələdə siyasi məhbus və digər məsələlər tamamilə bəhanədir. Ayrıca qərar qəbul edilsəydi, o zaman anlaşılan olardı və bunu müzakirə etmək olardı”.
Gununsesi.info