Fazil Mustafa hökumətin hesabatını sərt tənqid etdi- "SÜDLƏ BENZİNİN QİYMƏTİ EYNİDİR"

Fazil Mustafa hökumətin hesabatını sərt tənqid etdi

“Hökumətin hesabatının forma və məzmunu dəyişməlidir. Hesabatda ayrı-ayrı sahələr üzrə hədəf göstəriciləri də burada göstərilməlidir. Yalnız bu zaman nəticə əsaslı hesabat ola bilər”.

Gununsesi.info-nun məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Fazil Mustafa deyib. Deputat bildirib ki, inkişafla yanaşı tənqidlər də səsləndirilməlidir ki, bu problemlər aradan qaldırılsın.

“Bundan başqa, deputatların təkliflərinə bəzi hallarda ya cavab verilmir, ya da uyğun cavab verilmir. Məsələn ötən il nazirliklərin təmiri ilə bağlı ayrılan 10 milyon manat vəsaitlə bağlı sualımıza adekvat cavab verilməyib. Əgər 10 milyon böyük rəqəm deyilsə, bunu məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasına yönləndirməliyik. Bu gün hərbçilərin evində belə məcburi köçkünlər yaşayır. Biz müharibə şəraitində yaşayan ölkəyik. Məcburi köçkünlərin hamısı mənzillə təmin edilməlidir ki, hərbçilərimizin də mənzil problem həll edilsin”.

Fazil Mustafa təhsil işçiləri ilə səhiyyə sistemi arasında maaş məsələsində kəskin fərq olmasının da narahatedici məqam olduğunu deyib.

“Bu iki sosial sahə arasında belə fərq olması doğru deyil. Bunun ağır nəticəsini vətəndaş çəkir. Bundan başqa təklif edirəm ki, diaqnostik qiymətləndirmə ilə yüksək nəticə göstərən müəllimlərin maaşları digərlərindən fərqləndirilməlidir. Bir sıra ölkələrdə südlə benzinin qiyməti eynidir. Bizdə benzin 90 qəpik, süd isə 1 manat 50 qəpikdir. Süd uşaqların inkişafı üçün önəmlidir, bir sıra ölkələrdə bununla bağlı məktəblərdə aksiyalar keçirilir”. (modern.az)

Gununsesi.info

COMMENTS