Milli Məclisin deputatı Fazil Mustafa cəmiyyət üçün faydalı olan məsələlərin yazılmasından çəkinməməyə çağırıb.
Gununsesi.info-nun xəbəronə görə, Fazil Mustafa sosial şəbəkələrdəki reaksiyaların və “hələ vaxtı deyil” kimi yanaşmaların ictimai fikrin formalaşmasına mane olmamalı olduğunu bildirib.
“Anladığım gerçək budur ki, xalq üçün, cəmiyyət üçün faydalı olan nə varsa, yazmaqdan çəkinməyin. Çünki yazılan hər zaman anlayan insanlar üçündür”, – deyə deputat qeyd edib.
O bildirib ki, bu cür yanaşmalar tarix boyu fikir və düşüncənin inkişafına mane ola bilərdi:
“Sosial şəbəkə qaragüruhu belə istəyir’, ‘Hələ vaxtı deyil’ kimi ifadələrə baş qoşulsaydı, nə yunanlarda, nə də Ortaçağda hansısa fikir həyatı ola bilərdi. Bizdə də nə Axundov, nə Mirzə Cəlil, nə də Sabir olardı”.
Fazil Mustafa daha sonra Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından Məhəmməd Əmin Rəsulzadənin məsuliyyətlə bağlı fikirlərini xatırladıb.
“Tarix, əlbəttə, hər millətin siyasi həyatını və istiqlaliyyətini tədqiq edərkən, heç bir xətanı unutmayacağı kimi, heç bir fərdi də məsuliyyətsiz buraxmayacaqdır! Siyasətçilər siyasi xətalarından, alimlər tənbəlliyindən, hərbçilər yanlış müdafiə taktikalarından, camaat məfkurəsizliyindən, cahil də cahilliyindən məsuliyyət daşıyırlar”, – deyə deputat sitat gətirib.
Fazil Mustafa fikirlərinin sonunda öz məsuliyyətini də dəqiq bildiyini vurğulayıb:
“Şəxsən mən öz məsuliyyətimin hansı kateqoriyaya aid olduğunu dəqiq bilirəm”.
Orxan











