Bu gün Milli Məclisin deputatı Fazil Mustafaya qarşı cinayət işi üzrə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb.
Gununsesi.info–nun xəbərinə görə, məhkəmə qarşısında təqsirləndirilən şəxs qismində 5 nəfər çıxarılıb.
Bunlar Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov və Səbuhi Şirinovdur.
Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslər Fazil Musatafanın prosesə gəlməsi barədə vəsatət verib.
Onların və vəkillərinin fikrincə, zərərçəkmiş qismində tanınan deputatın məhkəmədə iştirakı təmin olunmalıdır. Bu məsələ yanvarın 12-də keçirilən məhkəmənin hazırlıq iclasında dilə gətirilib.
Qeyd edək ki, zərərçəkmiş qismində tanınan Fazil Mustafanın özü və ya nümayəndəsi məhkəməyə gəlməyib.
Hazırlıq iclasında təqsirləndirilən şəxslərin hüquq və vəzifələri elan olunub, anket məlumatları dəqiqləşdirilib.
Prosesə sədrlik edən hakim Elnur Nuriyev hazırlıq iclasında cinayət işinin mahiyyətinin araşdırılmadığını, anket məlumatları və s. məsələlərə baxıldığını, bu iclasın zərərçəkmişin iştirakı olmadan da keçirilməsinin mümkün olduğunu deyib.
O, məhkəmə baxışında onun iştirakının təmin ediləcəyini də söyləyib. Təqsirləndirilən şəxslər bununla razılaşıblar.
Azər Səricanov və Səbuhi Şirinovun vəkilləri onların hökmədək ev dustaqlığına buraxılmasını istəsələr də, məhkəmə həmin vəsatəti təmin etməyib.
Deputata sui-qəsdlə bağlı işin məhkəmə baxışına verilib araşdırılması qərara alınıb. Məhkəmə baxışı yanvarın 22-də olacaq.
Onlar dövlət xadiminə sui-qəsddə, qanunsuz silah saxlama kimi əməllərdə ittiham edilirlər. Bəzilərinə dövlətə xəyanət, terrorçuluğu maliyyələşdirmə ittihamı da verilib.
Elmar Elnuroğlu
Gununsesi.info