FED-in qərarı manatın məzənnəsinə təsir göstərəcək - SABİQ NAZİR

  • By admin
  • 16 Dekabr 2016 15:25
fikret
FED-in qərarı  Azərbaycan manatının  məzənnəsinə müəyyən təsir göstərəcək.
Bunu Gununsesi.info-ya açıqlamasında sabiq maliyyə naziri, professor Fikrət Yusifov deyib.
Onun szölərinə görə, Federal Ehtiyat Sisteminin uçot dərəcəsini qaldırmaq barəsindəki son qərarı çoxdan gözlənilirdi. “Lakin ötən il olduğu kimi bu dəfə də FES bu qərarı ilin son ayında – dekabrda verdi. Amerika Birləşmiş Ştatlarının Mərkəzi Bankının bahalı dollar siyasəti dünya maliyyə sisteminə nə vəd edir? Təbi ki, FES-nin bu qərarından sonra dolların başqa valyutalara nisbətən müəyyən qədər bahlaşması baş verəcəkdir. Ancaq bu hələ son deyil. Əsas məsələ bundan ibarətdir ki, bu dəfə FEC 2017-ci ildə uçot dərəcəsini iki dəfə qaldırmaq barəsində öncə qəbul edilmiş qərara da düzəliş edərək, bu artımın gələn il üç dəfə baş verəcəyini bəyan etdi. Beləliklə gələn il baza faiz dərəcəsinin orta hesabla 1,375 faizə qədər yüksələcəyi mümkündür”- deyə, sabiq nazir bildirib.
 F. Yusifov əlavə edib ki, bu isə olduqca ciddi bir məsələdir: “Belə olduğu halda dünya maliyyə sistemində hansı proseslər baş verəcək, bahalı doııar neftin qiymətlərinin hansı səviyyəyə qədər düşməsinə gətirib çıxaracaq və digər ölkələrin valyutaları, xüsusilə də inkişaf etməkdə olan ölkələrin valyutaları özlərini necə aparacaqlar? Bütün bu sualların hələlik cavabı yoxdur. Daha doğrusu bu cavablar var, ancaq onları ABŞ-ın iqtisadi və maliyyə siyasətini sərgiləyən beyin mərkəzləri bilirlər”. 
F. Yusifov bildirdi ki, bu qərar təbii olaraq  Azərbaycan manatının da məzənnəsinə müəyyən təsir göstərəcək: “Ancaq bizdəki problem tək bundan ibarət deyil. Bəlli məsələdir ki, neftin qiymətlərinin kəskin azalması səbəbindən baş verən valyuta itkiləri ölkənin maliyyə bazarında ciddi gərginlik yaradıb. Vəziyyətdən çıxışın yeganə doğru yolu iqtisadiyyatın real sektorunu inkişaf etdirmək və bu istiqamətdə Hökumətin qəbul etdiyi qərarları layiqincə icra etməkdən keçir. Bu gün bütün səviyyələrdə sahibkarların fəaliyyətinə məmur müdaxiləsinə dur deyilməlidir. Eyni zamanda dövlət xərclərinə nəzarəti gücləndirib, onları maksimum azaltmaq yolu ilə valyuta bazarına təziqləri azaltmaq lazımdır. Bütün bunlar ediləcəyi halda tədricən maliyyə sabitliyinə nail olmaq mümkün olacaq”.
Mürtəza 
Gununsesi.info