“FemMonitor” Qrupunun Nərminin qətli ilə bağlı məhkəmə işinə dair BƏYANATI

  • By admin
  • 01 İyun 2023 21:29

“FemMonitor” Qrupu azyaşlı Nərmin Quliyevanın qətli ilə bağlı məhkəmə işinə dair bəyanat verib.

Gununsesi.info həmin bəyanatı təqdim edir:

2019-cu ilin noyabr ayında itkin düşən, daha sonra cəsədi yandırılmış halda tapıldığı qeyd edilən Nərmin Quliyevanın qətli ilə bağlı uzun müddətdir davam edən istintaq və məhkəmə prosesi ictimaiyyətin, o cümlədən qadın haqları fəalları və təşkilatlarının diqqət mərkəzindədir.

Azyaşlı qızın amansızlıqla törədilmiş qətlində günahkarların tapılması və ədalətli məhkəmə araşdırılmasının aparılmasında biz, “FemMonitor” qrupu, ictimai tərəf olaraq marağımızı ifadə etmək üçün ictimaiyyətə açıq bəyanatımızı yayırıq.

Cəmiyyətin diqqət mərkəzində olan, ictimai təhlükəsizliklə bağlı narahatlığı artıran bu hadisənin məhkəmə prosesinin izlənilməsinə və ictimaiyyət nümayəndələrinin bu işlərdə iştirakına heç bir maneə yaradılmamalıdır. “FemMonitor” qrupunun təmsilçiləri olaraq 24 may 2023-cü il tarixli məhkəmə iclasını izləmək üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə yaxınlaşdıq, iclasın birinci yarısında zalda yer azlığı əsas gətirilərək zala buraxılmadıq və yalnız iclasın fasilədən sonrakı hissəsinə nəzarət etmək fürsəti əldə etdik.

Məhkəmə monitorinqini həyata keçirən zaman müdafiə tərəfinin səsləndirdiyi arqumentləri dinlədik, ziddiyyətlərlə bağlı bir çox məqam qeydə aldıq və ədalətli araşdırmaya çatımlılıqda narahatlıq yaradan məsələlər olduğunu aşkarladıq. Azyaşlı uşağın qətlində əsaslı sübutların ictimaiyyətə də açıqlanmasının, yalnız bu sübutların işığında günahkarların layiqli cəza alacağı təqdirdə cəmiyyətin təhlükəsizlik narahatlığının aradan qalxacağına inanırıq.

“FemMonitor” qrupu olaraq, bu səbəbləri əsas götürərək aidiyyatı dövlət qurumlarına:
– Cinayət işinə ədalətlilik və qərəzsizlik prinsiplərinə əsaslanmaqla baxılması, cinayətin törədilməsində təqsirli şəxs(lər)in müəyyən edilərək dərhal əsaslı sübutlarla ittiham edilməsi və cəzalandırılması;
– Məhkəmənin açıqlığı prinsipinin pozulmaması, məhkəməni izləməyə gələn şəxslər üçün heç bir qanunsuz meyara əsaslanmadan növbəlilik prinsipi əsas götürülərək prosesin izlənilməsinə şərait yaradılması;
– İctimai əhəmiyyətli iş olduğu nəzərə alınaraq ictimaiyyətə ətraflı məlumatlar verilməsini təmin etməyə çağırış edirik.

“FemMonitor” qrupu ölkədə qadın hüquqlarının müdafiəsi və inkişafı üçün monitorinq və ictimai vəkillik funksiyasını həyata keçirən qrupdur.

Qrupun əsas məqsədi beynəlxalq konvensiyalar, yerli qanunvericilikdə təsbit olunmuş qadın hüquqlarının həyata keçirilməsini təmin etməkdir. İctimai narahatlığa səbəb olan qadın hüquq pozuntularının və zorakılıq keyslərinin izlənilməsi, ictimaiyyətə bu haqda obyektiv məlumatların verilməsi, aidiyyatı qurumlar üzərində vətəndaş nəzarəti funksiyasının həyata keçirilməsi fəaliyyətlərini özündə birləşdirən qrup qadın hüquq müdafiəçiləri, gender mütəxəssisləri, hüquqşünaslar, vəkillər, jurnalistlər və ictimai fəallardan ibarətdir.

Gununsesi.info