“Fermerlər nə qazanırlar ki, ondan vergi də versinlər…”ƏLİ MƏSİMLİ

“Fermerlər nə qazanırlar ki, ondan vergi də versinlər…”

“Monopoliyanın qarşısı alınmasa, aqrar islahatların səmərəliliyinə mənfi təsiri olacaq”

Gununsesi.info Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı-alim Əli Məsimli ilə söhbət”Musavat”a  müsahibəsini təqdim edir.

– Əli bəy, sizcə, hazırda Azərbaycanda kənd təsərrüfatı ilə məşğul olmağı nə qədər cəlbedici hesab etmək olar?

– Aqrar sahənin hərtərəfli inkişafı- qeyri-neft sektorunun qalxınmasının, onun ixrac imkanlarının genişlənməsinin əsas istiqamətlərindən biri kimi mühüm əhəmiyyət kəsb edir. Bu sahənin inkişaf etdirilməsi həm də əhalinin işlə təminatının artırılması, işsizliyin və yoxsulluğun azaldılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Dövlət ölkədə aqrar sektorun davamlı inkişafı üçün dünyada özünü doğrultmuş iqtisadi mexanizmlərdən, stimullardan və güzəştlərdən istifadə edir. Bütün bunlar Azərbaycanda kənd təsərrüfatı ilə məşğul olmağı potensial nöqteyi nəzərdən cəlbedici edir. Realda isə bundan yalnız əlində maliyyə resursları olanlar yetərincə faydalana və müsbət nəticələr əldə edə bilirlər. Amma buna əks-təsir göstərən amillər də az deyil. Bu amillərdən biri budur ki, ölkənin kənd təsərrüfatı üçün yararlı olan torpaqlarından yetərincə səmərəli istifadə edilmir. Fermer təsərrüfatlarının əksəriyyətinin torpaqları yüksək nəticələr əldə olunması və geniş təkrar istehsal qurmaq üçün yetəri qədər deyil. Kənd təsərrüfatı ilə məşğul olanların xeyli hissəsinin gəlirləri aşağıdır, maddı və maliyyə resursları məhduddur və istehsalı genişləndirməyə imkan vermir. Ümumilikdə kənd təsərrüfatında əmək məhsuldarlığı aşağıdır. Bundan əlavə, son illər büdcə xətti ilə kənd təsərrüfatına investisiya tələbatı səviyyəsinə yaxın sərmayə qoyulmağa başlanılsa da, ondan istifadənin səmərəliliyi aşağıdır.

Ən ciddi problemlərdən biri monopolizmdir – monopoliya kənd təsərrüfatına da sirayət etməyə başlayıb. Azərbaycanda adambaşına 1,08 ha torpaq fondu, 0,6 ha yararlı torpaq sahəsi, 0,2 ha əkin sahəsi düşür. Bundan əlavə, ərazimizin 20 faizi işğal altındadı… Kənd təsərrüfatında istifadə edilən sahələrin xeyli hissəsi şoranlaşmaya, errozoyaya məruz qalıb. Son illərdə əllərində maliyyə resursları olanlar dövlət torpaq fondundan və kəndlilərdən torpaq alıb iri fermer təsərrüfatları yaradırlar. Həmin prosesin təsiri ilə əgər əvvəllər torpağın qiyməti 800-1000 manat idisə, indi məkanından, yerinin əlverişliliyindən və keyfiyyətindən asılı olaraq 1500- 2000 manata qalxıb. Bu iş düzgün qurulsa, orta perspektivdə bu sahədə 2 dəfə və ondan da çox artıma nail olmaq, ölkədə güclü aqrar-sənaye kompleksi yaratmaq, ərzaq bolluğuna nail olmaq və bu sahənin ixrac imkanlarını xeyli artırmaq olar.

– Sizcə, bu gün Bakıdan kəndə dönmək üçün əsaslı səbəb olacaq səviyyədə stimullaşdırıcı tədbirlər həyata keçirilirmi?

– Azərbaycanda kənd təsərrüfatı istehsalçıları torpaq vergisi istisna olmaqla, digər vergiləri ödəməkdən azad ediliblər. Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sahibkarlara bu sahədə güzəştlərin verilməsi məqsədilə bəzi malların idxalı və ölkə daxilində satışı ƏDV-dən azad edilib. Kənd təsərrüfatında çalışan əhalı üçün mineral gübrələrin, pestisidlərin, texnoloji avadanlıqların, tinglərin, buğda toxumlarının, cins damazlıq heyvanların ölkəyə gətirilib istehsalçılara çatdırılmasında da güzəştlər tətbiq olunur. Kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olan hüquqi şəxslər və fərdi sahibkarlar investisiya təşviqi sənədi əsasında əlavə dəyər vergisindən, əmlak və torpaq vergilərindən, o cümlədən həmin sənədi aldığı tarixdən əldə etdiyi mənfəətin 50 faizi məbləğində mənfəət vergilərindən 7 il müddətinə azaddır.

Kənd təsərrüfatında artım tendensiyasını saxlamaq üçün dövlət tərəfindən bu sahəyə yönələn subsidiya və güzəştli kredit siyasəti yürüdülür. 2018-cı ilin büdcəsində kənd təsərrüfatına 617 milyon manat vəsait ayrılıb. Kənd təsərrüfatına investisiya tələbatı səviyyəsində sərmayə qoyulsa, bu sahə ilə məşğul olanlara süni maneələr və müdaxilələr olmasa, kəndliyə nə istəyirsə istehsal etməyə, istehsal etdiyi məhsulu hara istəyirsə satmağa şərait yaradılsa, güzəştli kreditlərin əlçatanlığı təmin olunsa, kənd təsərrüfatı ilə məşğul olmaq birmənalı şəkildə cəlbedici olar və daha çox fayda verər.

– Vergi güzəştlərindən söz düşmüşkən… Son günlər müzakirə obyektinə çevrilmiş məsələrdən biri də kənd təsərrüfatı sektorunda çalışanların vergiyə çəlb oluna bilməsi məsələsidir. Bu məsələyə münasibətiniz necədir?

– Bilirsiniz ki, kənd təsərrüfatı ölkənin sosial-iqtisadi problemlərinin həllində, xüsusən də regionlarda yaşayan insanların məşğulluğunda müstəsna rol oynayır. Bununla belə, bu sahənin potensialından layiqincə istifadə olunmur. Hazırkı reallıqlar şəraitində kənd təsərrüfatı sektorunda məhsuldarlıq aşağıdır, xərclər, maya dəyəri yüksəkdir, bu sahədə istehsal olunan məhsulların əksəriyyəti yüksək rentabelli deyil. Kənd təsərrüfatı dövlət dəstəyinə böyük ehtiyacı olan spesifik sahədir. Fermerlərin xeyli hissəsi çəkdikləri böyük zəhmətin müqabilində nə qazanırlar ki, ondan vergi də versinlər… Əslində hazırkı reallıqlar şəraitində bu məsələ ətrafında diskussiyaya yer yoxdur. Fermerlərə vergi güzəştlərinin edilməsi dövlətin aqrar siyasətinin mühüm tərkib hissəsidir. Ona görə də kənd təsərrüfatı sektorunda çalışanlara, xüsusən də kiçik və orta sahibkarlar kimi fəaliyyət göstərən fermerlərə vergi güzəştlərinin tətbiqi davam etdirilməlidir.

– Bu günlərdə məlum oldu ki, Türkiyədə heyvandarlığı inkişaf etdirmək üçün kəndə qayıdıb heyvan saxlayanlara 300 baş qoyun və xeyli əlavə dəstək verəcəklər. Bizdə necə, kənddə yaşayışı stimullaşdırmaq, əhalinin şəhərə axınının qarşısını almaq üçün daha hansı əlavə tədbirlərə ehtiyac var?

– Aqrar sahədə qarşıda duran əsas məqsəd kənd təsarrüfatında əmək məhsuldarlığını yüksəltmək, istehsalın səmərəliliyini xarakterizə edən digər göstəriciləri yaxşılaşdırmaqla əhalini daxili istehsal hesabına kənd təsərrüfatı məhsulları ilə təminatını artırmaq, bu sahənin ixrac imkanlarından geniş istifadə etmək və onu əsas gəlirli sahələrdən birinə çevirməkdir. Həmin məqsədlərə nail olmaqdan ötrü optimal müddətdə bir sıra istiqamətlərdə sistemli tədbirlərin həyat keçirilməsi obyektiv zərurətə çevrilib. Bu istiqamətlərdən birincisi, Azərbaycanda güclü aqrar-sənaye komplekslərinin yaradılması üzrə üzunmüddətli strategiyanın və xüsusi dövlət proqramının, onun ayrı-ayrı komponentlərinin icrasının sürətləndirilməsinə yönəlik stimullaşdırıcı proqramların və tədbirlər paketinin hazırlanıb, optimal müddətdə həyat keçirilməsinin təmin edilməsi.

İkincisi, mövcud tədbirlər planlarında prioritetlərə yenidən baxılması, aqrar sahədə mülkiyyət münasibətlərindəki problemlərin aradan qaldırılması, kənd təsərrüfatında əmək məhsuldarlığının yüksəldilməsi, ixracın artırılması kimi məsələrin önə çıxarılması.

Üçüncüsü, ölkənin kənd təsərrüfatı üçün yararlı torpaqlarından istifadənin səmərəliliyinin artırılması istiqamətində zəruri tədbirlər görülməsi. Bu tədbirlər torpaqların münbitliyinin yaxşılaşdırılması, şoranlaşmış və eroziyaya uğramış torpaqların əkin dövriyyəsinə qaytarılmasının elmi əsaslarının hazırlanması və tətbiqinin sürətləndirilməsi; torpaqlardan səmərəli istifadə edilməsi üçün yerli şəraitə uyğun yüksək məhsuldarlı kənd təsərrüfatı məhsulları üzrə ixtisaslaşmanın stimullaşdırılması; torpaqların münbitliyinin və suvarılan torpaq sahələrinin artırılması istiqamətində işlərin genişləndirilməsi; eroziyaya uğramış, şoranlaşmış və digər səbəblərdən deqradasiyaya məruz qalmış torpaqların müəyyən edilməsi, xəritələşdirilməsi və onlardan səmərəli istifadə olunması istiqamətində zəruri tədbirlər görülməsi; meliorasiya tədbirlərinə ehtiyacı olan torpaqların müəyyən edilməsi, onların irimiqyaslı xəritələrinin hazırlanması və optimal müddətdə reallaşdırılması; çirklənmiş və deqradasiyaya uğramış torpaqların rekultivasiyası layihələrinin həyata keçirilməsi; istifadə olunmayan əkinə yararlı torpaqların əkin dövriyyəsinə cəlb edilməsinin stimullaşdırılmasıdır.

Dördüncüsü, meliorasiya və su təsərrüfatının inkişaf etdirilməsi istiqamətində görülən işlərin genişləndirilməsi.

Beşincisi, aqrar sahədə əmək məhsuldarlığının artırılmasına maliyyə dəstəyinin gücləndirilməsi.

Altıncısı, son illər Bakıda və digər şəhərlərdə iş yerlərini itirib rayona dönərək kəndlərdə qalıb işləmək istəyənlərə hərtərəfli dövlət dəstəyinin göstərilməsidir.

Yeddincisi, fermerlərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, kiçik, orta və iri təsərrüfatların fəaliyyətinin effektli kombinasiyasına nail olunması.

– Kənddə qalmaq istəyənlərə dəstək deyərkən nələri nəzərdə tutursunuz?

– Kəndə qayıdıb işləmək istəyən vətəndaşların uçotunun aparılması, istifadəsiz torpaqların bir hissəsinin onlara icarəyə verilməsi. Eyni zamanda  Sahibkarlığa Milli Kömək Fondu və digər kanallarla onlara güzəştli kreditlərin, eləcə də girov tələb olunmadan əlverişli şərtlərlə mikrokreditlərin verilməsi. Kənd təsərrüfatı sahəsində yüksək nəticə göstərənlərə növbəti ildən başlayaraq torpaq sahələsinin genişləndirilməsi, cins mal-qara ilə təminat, qrantların verilməsi və digər stimullaşdırıcı tədbirlərin həyat keçirilməsi.

– Azərbaycanda “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun qəbul olunub. Amma kooperasiyaların, iri təsərrüfatların yaradılması prosesi ləng gedir. Bu sahədə hansı problemlər var?

– Hazırda bir sıra iri təsərrüfatların yaradılması uğurla gedir. Bununla yanaşı, problemlər də var. Monopoliya öz resurslarından istifadə edərək dövlət torpaq fondundan xeyli torpaq götürür. Sonra görür ki, onun hamısını əkib-becərə bilmir, ya da ki, bunu istəmir. Əvvəllər həmin torpaqların hər hektarını birbaşa 80 manata icarəyə götürən fermer, indi dolayı icarə mexanizmi şəraitində 150 manat icarə haqqı ödəməyə məcbur olur. Hər hektara 90 manatlıq subsidiya da monopoliyaya çatır. Beləliklə, aqrar sahəyə soxulan yeni tip monopoliya heç bir zəhmət çəkmədən hər hektardan 240 manat qazanc götürməyə başlayır. Nəticələri dəqiq hesablanmadan bir sıra hallarda örüş torpaqları əkin altına verilir və sair… Bütün bunların nəticəsində əvvəllər normal çalışan fermerlər yeni icarə yükü şəraitində az rentabelli işləməyə başlayır. Nəticədə otun da, ətin də qiyməti qalxır. Tək qazanan isə monopoliya olur. Bunun qarşısı alınmasa, aqrar islahatların səmərəliliyinə mənfi təsiri olacaq.

Ona görə də belə sui-istifadə hallarının qarşısı alınmalı, süni maneələr aradan qaldırılmalı, kooperasiya əlaqələrinin genişləndirilməsi üçün əlavə təsirli tədbirlər görülməlidir. Bunlarla yanaşı, kənd təsərrüfatı məhsullarının ixrac imkanlarının genişləndirilməsi istiqamətində əlavə tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Həmin tədbirlərin optimal müddətdə və sistemli şəkildə həyata keçirilməsi ilə kənd təsərrüfatına sərmayə qoyuluşlarını artırar, aqrar sahənin potensialından səmərəli istfadə etmək və müasir texnologiyaların tətbiqi yolu ilə kənd təsərrüfatının intensiv inkişafına nail olmaqla az bir zaman ərzində ciddi sosial-iqtisadi effektlər götürülməsinə – ölkədə yerli istehsal hesabına tələbatı dolğun şəkildə ödəməsinə, ixrac potensialının artmasına və kənd əhalisinin güzəranının əhəmiyyətli dərəcədə yaxşılaşmasına nail olmaq olar.

Gununsesi.info

COMMENTS