Fermerlər paytaxt küçələrində: Həyat iflic oldu

  • By admin
  • 22 Fevral 2024 08:46

Fevralın 6-dan İspaniyada başlatdıqları etirazlar çərçivəsində bu gün paytaxt Madriddə toplaşan minlərlə fermer traktorları ilə yolları bağlayaraq həyatı iflic edib.

Gununsesi.info xəbər verir ki, İspaniyada fermerlərin və heyvandarların qatıldığı etiraz aksiyası səbəbilə Madrid şəhər mərkəzi səhər saatlarından etibarən nəqliyyata bağlanıb.

Uzun danışıqlardan sonra həmkarlar ittifaqları dairəvi yollarda gözləyən traktorların şəhər mərkəzinə daxil olması üçün icazə alıblar.

Minlərlə fermer əvvəlcə Madridin mərkəzindəki Müstəqillik meydanına (Plaza de la Independencia) toplaşaraq 500-dən çox traktorun gəlişi ilə Kənd Təsərrüfatı, Qida və Balıqçılıq Nazirliyinin binasına doğru yürüş edib.

Həmkarlar ittifaqı 13 min nümayişçinin olduğunu, Madrid qubernatorluğu isə 4 min ətrafında nümayişçinin olduğunu açıqlayıb.

Aksiya zamanı fermerlərlə təhlükəsizlik işçiləri arasında zaman-zaman gərginlik yaşanıb. Hadisələrdə 5 fermer və 5 polis əməkdaşının yaralandığı, onlardan 3-nün (2 fermer, 1 polis əməkdaşı) xəstəxanada müalicə olunduğu bildirilib.

Etiraz yollarında Madrid sakinləri tərəfindən alqışlarla qarşılanan fermerlərə bağlı həmkarlar ittifaqları “səslərini eşitdirməyi bacardıqlarını və tarixi bir aksiya keçirdiklərini” bildiriblər.

Hökumətin təklif etdiyi 18 bəndlik tədbirlər paketinə “yox” deyən və konkret addımlar gözləyən fermerlər qarşıdakı günlərdə də etirazlarını davam etdirəcəklərini açıqlayıblar.

Kataloniyadakı fermerlər birlikləri fevralın 27 və 28-də Fransa sərhədində etiraz aksiyası keçirəcəklərini açıqlayıblar.

Daxili İşlər Nazirliyi fermerlərin fevralın 6-dan bəri davam edən etiraz aksiyalarında indiyədək 55-dən çox şəxsin saxlanıldığını, 3 min 196 nəfərin inzibati və ya cərimələndiyini bildirib.

Gununsesi.info