
“Bir sıra hallarda kütləvi informasiya vasitələrində yayılan məlumatlar təqsirsizlik prezumpsiyası prinsipini pozur və sahibkarlıq subyektlərinin işgüzar nüfuzuna ziyan vurur. Təqsirsizlik prezumpsiyasının pozulması sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə münasibətdə, işgüzar nüfuzun ləkələnməsi isə sahibkarlıq subyekti olan hüquqi şəxslərə münasibətdə baş verir. Pozuntu hallarına həm jurnalistlərin özlərinin hazırladıqları materiallarda, həm də müxtəlif qurumlar tərəfindən verilən və olduğu kimi yayımlanan məlumatlarda rast gəlinir”.
Gununsesi.info xəbər verir ki, bu haqda dünən İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi və Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun “Sahibkarlığın inkişafına mane olan bəzi problemlər və onların həlli yolları” mövzusunda keçirdiyi dəyirmi masada hüquqşünas-ekspert Abil Bayramov bildirib.
A.Bayramov qeyd etdi ki, sahibkarların təqsirsizlik prezumpsiyası hüququnun pozulması və onlafrın işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması ciddi mənfi nəticələrə gətirib çıxarır: “Bu, ilk növbədə məhkəmə araşdırması zamanı sahibkarlıq subyektinə münasibətdə qəbul ediləcək qərara ciddi təsir göstərə bilər. Bundan əlavə, KİV-də yayımlanan informasiya nəticəsində sahibkarlıq subyektinin mənfi imicinin formalaşması sahibkarlıq subyektinin istehsal etdiyi mal və xidmətlərdən imtina olunmasına və nəticədə onun gəlirlərinin azalmasına gətirib çıxara bilər”.
Sonra İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin İdarə Heyətinin üzvü, layihənin eksperti Samir Əliyev “Fermer torpaqlarının qeydiyyatı: problemlər həll olundumu?” mövzusunda təqdimatla çıxış etdi. O, ilk növbədə diqqəti Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) birgə hazırladıqları və biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən “Doing Business” hesabatına çəkdi. Onun sözlərinə görə, 2017-ci il üzrə hesabatda Azərbaycanın mövqeyi bir sıra sahələrdə, o cümlədən əmlakın qeydiyyatı sahəsində pisləşib: “Əmlakın qeydiyyatı meyarına görə əvvəllər mövqeyimiz yaxşı olub və ilk yerləri bölüşmüşük. Ancaq təəssüf ki, son vaxtlar mövqeyimizi itiririk və ötən illə müqayisədə daha bir pillə aşağı düşərək 190 ölkə arasında 22-ci olmuşuq. Halbuki bu meyar üzrə Qonşu Gürcüstan 3-cü, Belorus 5-ci, Estoniya 6-cı, Rusiya 9-cu, Ermənistan 13-cü, Qazaxıstan 18-ci yeri tutub. Məsələn, hesbat görə, gürcüstanda qeydiyyat üçün 1 gün, Belorusda 3 gün tələb olunduğu halda Azərbaycanda 8,5 günə bərabərdir”.
S.Əliyev son 3 ildə fermer torpaqlarının dövlət qeydiyyatında baş verən bir sıra müsbət dəyişiklikləri qeyd etdi. Onun sözlərinə görə, dövlət reyestrindən arayışların alınması və qeydiyyatı prosedurları sadələşdirilsə də ilkin qeydiyyatda olan problemlər qalmaqdadır.
Ekspertin fikrincə, təkrar qeydiyyat xeyli sadələşdirilsə də, ilkin qeydiyyat problemləri hələ də qalır. Bələdiyyə torpağının tanınması üçün dövlət tərəfindən verilən aktların olmaması, torpağın sahibi öldükdə vərəsəlik prosedurlarına düzgün riyaət edilməməsi, özəl mülkiyyəti təsdiq edən müvafiq sənədlərin olmaması və s. kimi hallar torpağa sahib olan fermer üçün həmin torpağın qeydiyyata daxil edilməsində problemlər yaradır.
Notarial kontorlarda ehtiyac duyulmayan sənədlərin təsdiq etdirilməsi zəruriliyi, notarial təsdiq üçün fermerlərdən əlavə vəsait alınması fermerlərin xərcini artırır. Hərrac və ya müsabiqə vasitəsilə satılmış torpaq üçün bu quruma 2 dəfə rüsum ödənilir. Bu ikiqat rüsum torpağın son satış qiymətində oturaraq onu bahalaşdırır və torpağa sahib olan fermer xərcini artırır.
Vüsalə Rüstəmova
Gununsesi.info











