FHN bayramla bağlı əhaliyə müraciət etdi

  • By ilhame
  • 31 Dekabr 2023 10:32

Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib.

 

Gununsesi.info xəbər verir ki, müraciətdə deyilir:

 

“Yeni il bayramı ilə əlaqədar insanların kütləvi şəkildə müxtəlif məkanlarda, o cümlədən restoran və şənlik zallarında, evlərdə toplanması, bayramın əsas simvolu olan küknar ağaclarının quraşdırılaraq işıqlandırılması və digər hallar yanğın təhlükəsini artırır. Bu zaman kiçik ehtiyatsızlıq və ya diqqətsizlik bayram ab-havasının pozulmasına, acı nəticələrə gətirib çıxara bilər.

 

Qeyd olunanları nəzərə alaraq Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək Yeni il bayramı ilə əlaqədar keçirilən mərasimlərdə yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır. Belə ki,

 

– evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı;

 

– işıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli, nəzarətsiz qoyulmamalı;

 

– ağac tezalışan oyuncaqla bəzədilməməli;

 

– qapalı məkanda atəşfəşanlıq edilməməlidir.

 

Həmçinin, bir daha xatırladırırıq ki, bayram şənliyinin təşkili üçün seçilən məkanlar müvafiq yanğın təhlükəsizliyi qaydalarının tələblərinə cavab verməlidir”.

Gununsesi.info