FHN-in idmançıları növbəti uğura imza atıblar -FOTO

23-26 fevral 2023-cü il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Fujeira şəhərində Dünya Karate Federasiyasının təşkilatçılığı ilə uşaq, yeniyetmə və gənclər arasında “Karate 1 Youth League” turniri keçirilib.

Turnirdə 67 ölkənin 1100-dən çox idmançısı mübarizə aparıb. Yarışa karate üzrə Fövqəladə Hallar Nazirliyinin və milli yığma komandanın üzvləri yeniyetmələr arasında Avropa çempionu Nicat Kərimli və Karate Liqa 3-ün bürünc mükafatçısı Nihad Kərimzadə də mübarizəyə qoşulub.

-75 kq çəki dərəcəsində kumite yarışlarında Nicat Kərimli 4 döyüş keçirərək turnirin gümüş medalının sahibi olub.

Karateçilərin ilk məşqçisi 6-cı dan qara kəmər sahibi Akif Kərimov, hazırki şəxsi məşqçisi isə əməkdar idman ustası, əməkdar məşqçi, ikiqat Dünya çempionu, 8-ci dan qara kəmər sahibi, Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayevdir.

Qeyd edək ki, Nicat Kərimli mart ayının sonunda Dünya Kratae Federasiyasının təşkilatçılığı ilə Türkiyə Respublikasının Konya şəhərində keçirələcək “Karate 1 Serie A” turnirində də iştirak edəcək.

27-28 fevral 2023-cü il tarixlərində “Şüa” İdman Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılğı ilə Azərbaycan Respublikasının dövlət qurumlarının əməkdaşları arasında 5 mart “Bədən tərbiyəsi və idman günü”nə həsr olunmuş stolüstü tennis turniri keçirilib.

Olimpiya sistemi üzrə keçirilən yarışda 44 qurumdan 104 kişi, 43 qadın şəxsi mübarizədə öz bacarıqlarını göstəriblər. Turnirdə iştirak edən Fövqəladə Hallar Nazirliyinin stolüstü tennis üzrə yığma komandası 4 nəfərdən ibarət olmaqla əzmkar mübarizə apararaq yüksək nəticələr əldə etməyi bacarıb. Belə ki, iki gün davam edən yarışın nəticələrinə əsasən kişilərin şəxsi mübarizəsində FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı, gizir Əli Bayramov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medalın sahibi olub. Bundan əlavə komandanın digər üzvü Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı, daxili xidmət çavuşu Vüqar İbrahimov finalda komanda yoldaşına məğlub olaraq yarışın gümüş medalını qazanıb.

Qaliblərə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom, medal və hədiyyələri təqdim olunub.

2 mart 2023-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev turnirlərdədə uğur əldə etmiş əməkdaşlar və idmançılarla görüşərək onları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.