Dekabrın 21-də Fövqəladə Hallar Nazirliyi tərəfindən Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.
Gununsesi.info xəbər verir ki, Heydər Əliyev Sarayında keçirilən tədbirdə Dövlət Himninin səsləndirilməsindən sonra nazirliyin İctimaiyyətlə əlaqələr idarəsi tərəfindən hazırlanmış “Azərbaycan tarixinin Heydər Əliyev zirvəsi” filmi nümayiş olunub.
Naxçıvan MR-də Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli tədbir iştirakçılarını Naxçıvanda görməkdən məmnunluğunu bildirərək deyib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq, ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 100 illiyi ölkəmizdə, o cümlədən Naxçıvan MR-də silsilə tədbirlərlə qeyd olunur, dahi şəxsiyyətin ömür yoluna və çoxşaxəli dövlətçilik fəaliyyətinə hərtərəfli nəzər salınır.
Ulu öndərin müqəddəs yolunu uğurla davam etdirən, ata vəsiyyətini şərəflə yerinə yetirən ölkə Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu tərəfindən 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin ardınca “Heydər Əliyev İli”ndə – bu ilin sentyabr ayında cəmi 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində dövlət suverenliyinin tam bərpa edilməsini qürur hissilə diqqətə çatdırıb.
Çıxışının sonunda Kəmaləddin Heydərov vurğulayıb ki, Fövqəladə Hallar Nazirliyinin kollektivi ümummilli lider Heydər Əliyevin ideyalarına, dövlətçilik xəttinə sadiq qalaraq bundan sonra da bütün qüvvə və bacarığını müstəqil respublikamızın yüksəlişi, tərəqqisi naminə səfərbər edəcəkdir.
Tədbir bədii hissə ilə davam edib.