
Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində baş vermiş qəza ilə bağlı məlumat yayıb.
Gununsesi.info qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 15-də səhər saat 05.00 radələrində Xəzər dənizində əsən güclü külək nəticəsində “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində yerləşən estakadanın dənizə uçması nəticəsində itkin düşmüş neftçilərin dərhal axtarışına başlanılıb.
Axtarış işlərinə FHN-in “Vixr-5” və “Vixr-8” gəmiləri, nazirliyin Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin “Svetlomor-2” gəmisi, həmçinin, çətin hava şəraitinə baxmayaraq FHN-in Aviasiya dəstəsinin bir helikopteri cəlb olunub.
Qeyd edək ki, bu gün səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub.
SOCAR-ın verdiyi açıqalamaya görə, estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub.
İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb:
- Zülfüqarov Güloglan – maşinist
- Zülfüqarov Azay – operator
- Qurbanov Vidadi – operator
- Həsənov Elçin – mexanik
- Hacıəliyev Həsənağa – operator
- Qafarov İlham – operator
- Əsədov Samir – operator
- Bəhrəmov Cavid – operator
- Abbasov Ramiz – maşinist
- Rüstəmov Qorxmaz – operator
Hadisə yerinə dərhal FHN və Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin gəmiləri cəlb olunub. Axtarış-xilasetmə işləri davam etdirilir. FHN, SOCAR və “Azneft” İB-nin rəhbərliyi hadisə yerindədir.
Hadisənin araşdırılması məqsədi ilə birgə xüsusi komissiya yaradılıb.
Gülnaz Qənbərli
Gununsesi.info