Jurnalistin xanımı Ramil Usubova müraciət etdi

  • By admin
  • 17 Oktyabr 2016 14:50

 

fikret

Hazırda həbsdə olan JAM.az saytının baş redaktoru Fikrət Fərəməzoğlunun  həyat yoldaşı  Faiqə xanım  İbişbəyli daxili işlər naziri Ramil Usubova müraciət ünvanlayıb.

Gununsesi.info həmin müraciəti təqdim edir:

“Cənab nazir!

Həyat yoldaşım, Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlu Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən şərlənərək həbs olunan gündən bizim ailəmizə rahatlıq yoxdur. Müxtəlif  vasitələrlə  iki körpə övladımla birlikdə  mənə qarşı  təhdid və təzyiqlər göstərilir.   Ailəmiz rəsmən təhdid  altında yaşayır. Tutaq ki, həyat yoldaşım Fikrət Fərəməzoğlu hansısa cinayəti törədib, bununla da bağlı istintaq əməli həyata keçirilib, günahının olub-olmaması araşdırılır. Ancaq bəs mənim və iki körpəmin təhdid olunması hansı qanuna və məntiqə sığır? Qeyd edim ki, həyat yoldaşımın cinayət əməli törətmədiyinə əminəm. O, jurnalistdir. Məqalə hazırlamaq, informasiya toplamaq nə  vaxtdan cinayət hesab edilir?  Əgər onun  hazırladığı hansısa məqalədə  cinayət elementi varsa, buna hüquqi qiymət vermək üçün hüquq-mühafizə orqanları,  məhkəmə var.

Cənab nazir!

Məlumat üçün bildirim ki, bu təhdidlərdən biri də oktyabrın 15-də gecə saat 01:43 radələrində baş verdi.Belə ki, yaşadığımız mənzilə naməlum şəxs(lər) girmək istəyirdi. Mən hay-həşir salaraq, DİN-in 102 Xidmətinə zəng etdim və Sabunçu rayon Polis İdarəsinin əməkdaşlarına məlumat verdim. Onlar da hadisə yerinə gəlib baxış keçirdilər. Cənab nazir, onu da qeyd edim ki, yaşadığımız binanın ətrafında güvənlik kameraları coxluq təşkil edir. Bu cür kameraların  sayı 20-dən çoxdur. Hətta bizə qonşu olan şəxsin də evində kamera var ki, bizim qapıya yaxınlaşan hər kəsi görmək mümkündür. Ola bilər ki, həyat yoldaşım “pul alarkən” Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin “kameraları işləməyib”, ona görə də ortada heç bir fakt və sübut yoxdur, amma bizim binanın giriş qapısında belə kamera işləyir.  Bu kameralar vasitəsiylə binaya kimlərin gəldiyini, hətta yaxınlaşmasını belə aydın müşahidə etmək olur.  Qeyd edim ki, hadisənin baş verdiyi  həmin vaxt –  yəni gecə 01:43 –   elə bir vaxta təsadüf edir ki,  binaya giriş-çıxış  az olur. Odur ki, bu müşahidə kameralarının sayəsində bizi təhdid edənlərin kimliyini  asanlıqla müəyyənləşdirmək və tapmaq mümkündür.

Möhtərəm, general!

Bütün bunları nəzərə alıb, Sizdən bu məsələnin araşdırılmasına göstəriş verməyinizi və xüsusi nəzarətə alınmasını  xahiş edirəm”-, deyə o bildirib.

Qeyd edək ki,  Daxili İşlər Naizrliyinin yaydığı məlumata görə, görə, Xətai rayonunda yerləşən restoranlardan birinin sahibi olan paytaxt sakini DİN-ə müraciət edərək İbişbəyli Fikrət Fəraməz oğlunun rəhbəri olduğu “JAM.az” və digər saytlarda obyektinin işgüzar nüfuzuna xələl gətirən materiallar yaydığını, həmin yazıları saytdan çıxarmaq müqabilində bu ilin aprel ayında ondan 1000 manat aldığını və gələcəkdə bu səpkili materialların yazılmaması üçün hər ay 5000 manat tələb etdiyini bildirib: “Aparılan araşdırmalarla müraciətdə göstərilən xüsusatlar öz təsdiqini tapıb və həyata keçirilmiş əməliyyat tədbirləri ilə Fikrət İbişbəyli iyunun 30-da həmin şəxsdən eyni üsulla 3000 manat alarkən saxlanılıb”. Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanılaraq F.İbişbəyli barəsində həbs-qətimkan tədbiri seçilib. İlkin istintaqla Fikrət İbişbəylinin ətrafına bir qrup şəxs toplayaraq çoxsaylı sahibkar və vəzifəli şəxslərin barələrində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə onlardan külli miqdarda pul alması müəyyən olunub. Araşdırmalar zamanı adları istintaqa məlum olan ayrı-ayrı vətəndaşlar da Fikrət İbişbəylinin onlara qarşı anoloji cinayətlər törətdiyi barədə müraciətlər ediblər.Hazırda faktla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Gülnaz Qənbərli

Gununsesi.info