Fitrə zəkatı ərzaqla verilməlidir?

  • By admin
  • 29 Aprel 2022 13:35

“Ramazanda geniş müzakirə olunan mövzulardan biri də fitrə zəkatının məbləğidir. Hər bir şəxsin imkanından asılı olaraq bu məbləğ 5-15 AZN arası dəyişə bilər. Bu, bilavasitə fitrə zəkatı verilən ərzağın dəyərindən asılıdır. Əgər siz fitrə zəkatını buğdanın qiyməti ilə hesablasanız, məbləğ daha aşağı, xurma və ya düyü ilə hesablasanız daha baha olacaq. Çünki hər üç ərzaq növü arasında qiymət fərqi var”. 

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov deyib.

İlahiyyatçı alim bildirib ki, bəzi İslam alimləri fitrə zəkatının mütləq ərzaqla verilməsinin vacibliyini vurğulayırlar: “Müasir dövrün ehtiyaclarını nəzərə alaraq, bir sıra İslam alimləri ərzaq dəyərində pulun verilməsinin mümkünlüyünü bildirirlər. Hesab edirəm ki, günümüzün reallıqları nəzər alınaraq fitrə zəkatı pulla da verilə bilər. Fitrə zəkatı verilən insan nəyə ehtiyacının daha çox olduğunu bildiyi üçün həmin pulla özü istədiyi ərzağı və ya başqa ehtiyacı olan əşyanı ala bilər”.

Ceyhun Məmmədov qeyd edib ki, imkanı olan hər bir şəxsin fitrə zəkatını verməsi vacibdir:

“Fitrə imkansız və kimsəsiz insanlara verilməlidir. Ramazanın sonuncu gününə, ən geci bayram namazına kimi fitrə zəkatı verilməlidir. Allah bütün oruc və duaları qəbul etsin. Dövlətimizi, birliyimizi və həmrəyliyimizi hər zaman qorusun”.

Xatırladaq ki, oruc ibadətinin mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. QMİ Qazılar Şurasının qənaətinə görə, adambaşına 10-15 manat fitrə zəkatının verilməsi məsləhət görülür. Qeyd olunur ki, fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir.

Qeyd edək ki, Şəvval ayının 1-i, mayın 2-də Azərbaycanda Ramazan (Fitr) bayramı qeyd olunacaq. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ölkədə iki gün – mayın 2-si və 3-ü bayram günləridir.

Gununsesi.info