“Flight İnternational” hansı ölkənin nə qədər döyüş təyyarəsi olduğunu açıqlayıb - SİYAHI

  • By admin
  • 09 Yanvar 2018 13:24

“Flight İnternational” mətbu orqanı dünya ölkələrinə məxsus “Dünya Hava Qüvvələri 2018” hesabatını açıqlayıb. Hesabatda hansı ölkənin neçə hərbi döyüş təyyarəsinə malik olması yer alıb. Hesabatda Azərbaycan da yer alıb.

Gununsesi.info xəbər verir ki, “Flight İnternational”ın açıqladığı hesabatda Azərbaycanın 29 döyüş təyyarəsinə maik olduğu qeyd olunub. Azərbaycan 5 ədəd MIG-21, 13 ədəd MIG-29 və 11 SU-25 döyüş təyyarəsinə malikdir.

Azərbaycandan fərqli olaraq Ermənistan 11 ədəd Su-25 döyüş təyyarəsinə malikdir. Ən maraqlısı odur ki, hesabatda bir sıra ölkələr, xüsusən də keçmiş postsovet ölkələrinin adı yer almayıb. Məsələn, siyahıda Gürcüstan, Latviya, Estoniya, Moldova, Qırğızıstan, Tacikistan yer almayıb.

Ən az döyüş təyyarəsi olan postsovet ölkəsi isə Litvadır. Litva bir ədəd L-39 döyüş təyyarəsinə malikdir. Keçmiş sovetlər ölkəsindən olan Qazaxıstanın 106, Belarusun 111, Özbəkistanın 89, Ukraynanın 64, Türkmənistanın 44, Rusiyanın isə 1550 döyüş təyyarəsinin olduğu bildirilir.

Dünyada bu siyahıya liderliyi ABŞ edir. Belə ki, ABŞ-ın 1905 döyüş təyyarəsi var, İkinci yeri Rusiya 1550, Çin isə 1527 döyüş təyarəsi ilə üçüncü yerdə qərarlaşıb.

Hesabatda Türkiyənin 207 döyüş təyyarəsinə malik olduğu qeyd olunub.

Gununsesi.info oxuculara maraqlı ola biləcək bir sıra ölkələrin Hərbi-Hava Qüvvələrinin neçə döyüş təyyarəsinə malik olması barədə məlumatı çatdırır. Hindistanın 807, Almaniyanın 181, İranın 182, Pakistanın 410, Şimali Koreyanın 572, Suriyanın 221, İsrailin 252,  Yaponiyanın 290, Birləşmiş Ərəb Əmirliyinin 103, Fransanın 299, Avstraliyanın 78, Avstriyanın 15, İraqın 56, İngiltərənin 143, Səudiyyə Ərəbistanının isə 284 döyüş təyyarəsi var.

Hazırladı Mürtəza

Gununsesi.info